“Təhsilin rəqəmsal çevrilməsi” mövzusunda onlayn seminar keçirilib.
Seminarda Microsoft İnnovativ Tərbiyəçi (MIE) Ekspert proqramı üzrə nümayəndə Mehriban Ziya, Yunanıstan Təhsil Nazirliyinin STEAM şöbəsinin direktoru Rania Lampou, Minecraft Təhsil Platformasının mentoru Elvin Əliyev, Gürcüstan Beynəlxalq Dil Mərkəzinin direktoru Lika Baiaşvili, data analitik İlqar Zəlbəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin metodisti İlahə Həmidova, Kəlbəcər məktəbinin müəllimi Şəlalə Məmmədli və digər qonaqlar iştirak edib.
Seminarın əsas məqsədi təhsildə rəqəmsal çevrilmənin tətbiq edilməsi, təhsilalanlara müstəqil öyrənmənin aşılanması, müstəqil öyrənmə vasitəsilə təhsilə əlçatanlığın təmin olunması, STEAM dərslərini tədris edəcək müəllimlərin müvafiq istiqamətdə peşəkar inkişafa sövq edilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
Seminarda STEAM təlim texnologiyaları, VEB2 alətlərinin tədrisdə tətbiqinin təsiri, təhsilverənlər üçün Microsoft Peşəkar Sertifikatının vacibliliyi, pandemiya dövründə tədrisin daha səmərəli qurulması yolları və digər mövzularla bağlı geniş məlumatlar verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.