İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində bir sıra dövlətlərarası müqavilələr imzalanıb. İyulun 18-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Təntənəli mərasimdə “Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu” da imzalanıb.  Memorandumu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor  Gülçöhrə Məmmədova və Milan Politexnik Universitetinin Dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzalayıblar.

           

Məlumat üçün qeyd edək ki, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda fəaliyyət göstərən  italyan şirkətləri ilə AzMİU arasında işgüzar müasibətlər illər öncə qurulub. Bunun nəticəsidir ki, hər il “İtaliya Dizaynı Günü” məhz AzMİU-da keçirilir. Xatırladaq ki, adıçəkilən universitetin nümayəndələri bu ilin mayında AzMİU-da olub, universitet rəhbərliyi ilə ikitərəfli əlaqələrin qurulması istiqamətində müzakirələr aparıblar. İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massarinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Milan Politexnik Universitetinin professorları Silviya Piardi, Giovanni Conti görüşdə iştirak edib. Bu görüşdə məqsədin AzMİU-da dizayn ixtisasını modernləşdirmək, İtaliya dizayn təhsili formatında yenidən qurmaq, təhsil proqramlarını onların proqramına uyğunlaşdırmaq olduğu qeyd ediib, əməkdaşlığı genişləndirmək üçün ikitərəfli müqavilənin imzalanmasının vacibliyi vurğulanıb.