Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramı başa çatıb.
Bu münasibətlə, “Azərbaycan İES” MMC-nin Baş İdarəetmə Mərkəzində təlim-təcrübə proqramında iştirak etmiş tələbələrlə görüş keçirilib. Görüşdə MDU-dan mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, Karyera və İnkişaf Mərkəzinin direktor əvəzi Cəlil Bağırov, akademik məsləhətçi İlhamə Məmmədova iştirak edib.
Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə təbriklərini çatdıran Almaz Əliyeva “Azərbaycan İES” ilə işbirliyinin uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib və kadr hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsinə töhfə verən bu təşəbbüsün təşkilində, icrasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
MDU-nun regionda energetika mühəndisi hazırlığını həyata keçirən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayan “Azərbaycan İES”-in baş mühəndisi Araz Süleymanlı universitetlə işbirliyi çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının atırılmasına, kadr potensialının gücləndirilməsinə hədəflənən bu cür birgə fəaliyyətlərin davamlılığını arzulayıb.
Universitet və sənaye əməkdaşlığının təhsilalanların karyera inkişafında önəmindən söhbət açan “Azərbaycan İES”-in kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva proqram çərçivəsində müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında və real iş şəraitində keçirilən təlim, təcrübə prosesində tələbələrin fəallığını yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Diqqətə çatdırılıb ki, iki həftəlik proqram çərçivəsində 16 tələbə təlimlərdə iştirak edib, istehsalatla yaxından tanış olub, səriştəli kadrların bilik və təcrübələrindən faydalanıblar.
Sonda proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.