Onlar təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər
UNEC və “Bank Respublika” ASC-nin birgə təşkilatçılığı ilə Qusar şəhərində gənc startapçılar üçün yay düşərgəsi təşkil olunub.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən layihənin məqsədi biznes ideya müsabiqələrinin qalibi olan UNEC-in gənc startapçılarına öz bizneslərini inkişaf etdirmək, yeni satış texnologiyalarına yiyələnmək və bu istiqamətdə onlara metodiki və psixoloji dəstək göstərməkdir.
Layihə çərçivəsində keçirilən təlimlərdə bankın marketinq və informasiya texnologiyaları mütəxəssisləri gənc startapçılara bu sahənin son tendensiyaları barədə məlumat verib, müştəri ehtiyacları, məhsulların və hədəf qrupun xarakterik üstünlüklərini müəyyən etmək yollarını açıqlayıblar. Eyni zamanda qiymətli və kreativ məhsul-xidmət təklifi yaratmaq, müştərilərlə iş səviyyəsini yüksəltmək üsulları izah ediblər.
Praktiki tapşırıqlara əsaslanan, çevik və interaktiv formatda təşkil olunan təlimlərdə UNEC-in Karyera Mərkəzi ilə İnnovativ Biznes İnkubatorun mütəxəssisləri və təlimçi-psixoloq da iştirak edib. Onlar UNEC-in gənc startapçılarına müvəffəqiyyətin optimal biznes modeli və biznes psixologiyası barədə ətraflı məlumat veriblər. Yay düşərgəsində startapçıların təcrübə mübadiləsi aparmaq imkanları da təmin edilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onlar regionun turizm bölgələri ilə tanış olub, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.