ADNSU ilə "AzET və LAEİ" MMC arasında görüş keçirilib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsinin professor-müəllim heyəti ilə "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyətində ("AzET və LAEİ" MMC) görüş keçirilib.

 

Görüşdə fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov, Mexanika kafedrasının müdiri, professor Ələsgər Əliyev, Sənaye maşınları kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov, Materialşünaslıq və emal texnologiyaları kafedrasının müdiri, dosent Tahir Cabbarov və fakültənin elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, "AzET və LAEİ" MMC direktoru vəzifəsini icra edən dosent Aytək Babayeva, Laboratoriya Mərkəzinin direktoru Səbinə Əliyeva iştirak ediblər.

 

Tərəflər arasında əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə universitetdə son illər həyata keçirilən genişmiqyaslı islahatlar haqqında iştirakçılara məlumat verən Əli Hikmət Əhmədov elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, 2020/2021-ci tədris ilindən etibarən yeni texniki-texnoloji ixtisaslar üzrə fakültədə mütəxəssis hazırlığı istiqamətində Avropa təhsil standartlarına uyğunlaşan yeni tədris proqramlarının məzmunu, ingilis dilində tədris, ikili diplom proqramları, ixtisasların akkreditasiyası, “Lazer Mərkəzi”, həmçinin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyətindən danışıb.

 

"AzET və LAEİ" MMC direktoru vəzifəsini icra edən Aytək Babayeva “Azərenerji” elmi-tədqiqat işləri barədə məlumat verib.

 

Daha sonra Laboratoriya Mərkəzinin direktoru Səbinə Əliyeva respublikada bu modulda yeganə olan 7 sahədən ibarət Laboratoriya Mərkəzinin fəaliyyətindən bəhs edib.

 

Görüşün sonunda ADNSU-nun professor-müəllim heyəti laboratoriyalarla tanış olub.