Mingəçevir Dövlət Universitetinin (MDU) pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrində təhsil tələbə kreditindən faydalanmaq istəyən tələbələr üçün infosessiyalar keçirilib.

 

İnfosessiyalarda MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər, kreditlərin verilməsi və qaytarılması prosedurları, möhlət, müddət və faiz şərtləri barədə tələbələrə ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıblar.

 

Aztəminatlı ailədən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edən təhsil tələbə kreditlərinin verilməsindən böyük məmnunluq hissi duyduqlarını bildirən tələbələr göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.