Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə səmərəli əməkdaşlığa və “Qazi müəllimlər” kitabının ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə “Qafqazinfo” xəbər portalı və “Nar” mobil operatoru təltif olunub.
Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, “Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud, “Nar” mobil operatorunun mətbuat xidmətinin əməkdaşı Rita Ömərova və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva çıxışı zamanı Vətən Müharibəsində Azərbaycan müəlliminin əlinə silah alıb Vətənin müdafiəsinə qalxması, düşmənə qarşı canını sipər etməsinin yetirmələri üçün əsl həyat örnəyi olduğunu bildirib. İdarə müdiri bu baxımdan həmin müəllimlərin geniş ictimaiyyətə tanıdılması işində göstərilən təşəbbüsün olduqca təqdirəlayiq bir addım olduğunu qeyd edib, həmçinin yetişən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində “Qazi müəllimlər” kitabının rolunun böyük olacağını və bu işə göstərilən dəstəyin təhsil işçiləri tərəfindən hər zaman xatırlanacağını söyləyib.
“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud, “Nar” mobil operatorunun mətbuat xidmətinin əməkdaşı Rita Ömərova çıxışı zamanı BŞTİ tərəfindən göstərilən diqqətə görə təşəkkürlərini bildirib, əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
“Qafqazinfo” xəbər portalı və “Nar” mobil operatoru BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif edilib, qonaqlara xatirə hədiyyəsi təqdim olunub.