Ötən həftə Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə başa çatdı.
Məlumdur ki, Ermənistan sülh müqaviləsinin imzalanmasından hər vəchlə yayınır, Zəngəzur dəhlizinin açılması istiqamətindəki razılaşmaya məhəl qoymur, Rusiyanın bu proseslərdəki roluna qarşı çıxaraq, son günlər destruktiv hərəkətlər nümayiş etdirirdi.
Ermənistan-Azərbaycan sərhəddində sonuncu hərbi insident bu üçtərəfli formatda nəzərdə tutulan görüşlərə, dəqiq desək, 9 noyabr görüşünün baş tutmasına yönəlik pozucu fəaliyyətdən ibarət idi; məqsəd vaxt qazanmaqla proseslərə Qərbi cəlb etmək, Avropa İttifaqının, ATƏT-in Minsk Qrupunun fəaliyyətini yenidən dövriyyəyə gətirmək xarakteri daşıyırdı. Ermənistanın Rusiyanın 10 noyabr Bəyanatındakı imzasına hörmətsizlik olan bu davranışlarının adı sabotaj idi və Nikol Paşinyan Soçidə bu dalğanı davam etdirib, danışıqların nəticəsiz bitməsinə çalışsa da, görüş Ermənistanın və onun himayədarlarının təxribatını tamamilə mənasızlaşdırdı.
Soçi görüşündə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər ondan ibarətdir ki, əvvala, hiyləgər gedişlər edən Ermənistan məsələni başqa platformaya daşıya bilmədi və üçtərəfli formatda görüş noyabrın 26-da baş tutdu. İkincisi, sülh müqaviləsi, sərhədlər, dəhliz məsələsində oyun oynamasına baxmayaraq, Nikol Paşinyan Soçidə öz mövqeyini, Ermənistan ictimaiyyətinin istəklərini diktə etdirə bilmədi, bölgənin taleyi üçün əvvəldən razılaşdırılmış xətt sabit qaldı və bu xətt yeni sənədlə daha da möhkəmləndi.
Soçi görüşünün Azərbaycan üçün müsbət nəticəsi ondan ibarətdir ki, ölkəmizin mövqelərinə təkrar ciddi dəstək nümayiş olundu. Konkret olaraq rəsmi Bakı və Moskvanın ümumi regional yanaşmaya malik olduğu qabarıq şəkildə özünü büruzə verdi. Bu ümumi yanaşma ondan ibarətdir ki, münaqişə həll olunub, “Dağlıq Qarabağ”ın statusu məsələsi tarixdə qalıb, bölgədə hamı üçün faydalı olan yeni əməkdaşlıq imkanları yaranıb. Bu imkanlardan biri olan Zəngəzur dəhlizinin açılmasında Rusiya ilə Azərbaycan arasındakı yekdil mövqe prosesə effektiv təsir göstərir. Bundan başqa, iki ölkənin liderləri arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur, ölkələrin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub və bütün bunlar strateji tərəfdaşlığın dayanıqlığını təmin edən amillər kimi çıxış edir.
Konkretləşdirsək, əgər Ermənistanın bəzi siyasi dairələri və ictimaiyyəti tərəfindən təzyiqlər altında olan Nikol Paşinyan dəhlizin açılmasında qərarlılıq nümayiş etdirə bilmədiyi üçün ötən il imzalanan Bəyanatın müddəalarını təhrif etməyə çalışırdısa, Soçi görüşündə Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”nin xatırlanması bu təhrifə tutarlı cavab oldu. Soçidə imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri də Ermənistanın yalanlarına nöqtə qoyan mövqe idi və Zəngəzur dəhlizinin açılmasındakı israrlılıqdan, qaçılmazlıqdan xəbər verirdi. Yəni, dəhliz məsələsində açıq və sual işarəsi altına düşən heç nə qalmır, bu regional layihənin reallaşdırılmasından özgə variant yoxdur. Həm Rusiya üçün, həm Azərbaycan üçün, həm də bölgənin digər dövlətləri üçün.
Digər bir məqam ondan ibarətdir ki, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə sığınıb, beynəlxalq aləmi köməyə çağırmaq, Rusiyanın prosesdəki rolunu əhəmiyyətsizləşdirmək, yerində Qərbin missiyasını aktuallaşdırmaq kimi oyunlar Soçi görüşündə pozuldu. Burada imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi öz əksini tapmadı. İkincisi, Azərbaycanın açıq vurğu ilə hər zaman ifadə etdiyi fikir qüvvəsini itirməyib: yəni, Azərbaycan beynəlxalq təşkilatların 30 ildə bacarmadığı ərazi bütövlüyü məsələsini təkbaşına həll edib; BMT-nin masa üzərində qalan qətnamələrini özü icra edib; Bu baxımdan Avropa İttifaqının, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpası cəhdlərinə ancaq gülüşlə yanaşmaq olar. BMT, ATƏT və digər Qərb təşkilatları 30 ildə münaqişənin ədalətli həlli istiqamətində ortaya nə mövqe qoydular ki, bundan sonra da nə qoyalar! Bu baxımdan Ermənistanın öz havadarlarının diktəsi ilə prosesə yenidən Qərbin müdaxiləsini təmin etmək cəhdləri puç və mümkünsüzdür.
Soçidə qazanılan diplomatik uğurun bir misalına da humanitar məsələlərin diqqətdə saxlanması, dəqiq ifadə etsək, mina xəritələrinin geri verilməsi məcburiyyətindən Ermənistanın qaça bilməyəcəyi daxildir. Görünür ki, bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyişlər olacaq. Çünki Azərbaycan dövlət sərhəddindəki 16 noyabr təxribatına verdiyi layiqli cavabla Ermənistanın iradəsini bir daha qırdı, onu güzəştə getməyə məcbur etdi.
Ümumiyyətlə, Azərbaycan II Qarabağ müharibəsindəki Zəfərdən bəri qazandığı diplomatik uğurları ilə öz sözünü bütün masalarda keçərli və güclü edib.
Ermənistan isə müharibəni uduzmasına baxmayaraq, ikitərəfli oyun oynamaqda, dilemmada qalmaqda davam edir: Həm Rusiya ilə siyasi proseslərdə iştirak edir, həm də Qərbin istəklərinə cavab vermək istəyir. ABŞ-dan “Demokratiya sammitinə” aldığı dəvətlə lovğalanır, Avropa İttifaqının sədri Şarl Mişelə vasitəçilik çağırışları etməklə Qarabağ məsələsində yeni həll formullarına həvəslənir. Halbuki qatarın çoxdan getdiyinin fərqində deyil.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqi olmasına baxmayaraq, təmsil olunduğu siyasi-hərbi bloka xəyanətkar mövqe tutan, etibarsız tərəfdaş, satqın və riyakar obrazda çıxış edən Ermənistanın rəsmi Moskva ilə özü arasında yaratdığı inamsızlıq mühiti fonunda Qarabağ Zəfərinin parlaq nəticəsi ilə, Azərbaycanın düşünülmüş siyasəti ilə, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionun yeni möhtəşəm geo-siyasi və geo-iqtisadi proyekti cızılır. Türkiyə, Azərbaycan, Rusiya, türkdilli dövlətləri əhatə edən, Ermənistan, Gürcüstan, İrana açıq qapı saxlayan unikal bir proyekt. Ermənistanın və onun arxasındakı siyasi güclərin niyyətləri bölgəmizin bu geniş formatda yenidən dizayn edilməsinə heç bir əngəl törədə bilməyəcək.
Vəfa ALLAHVERDİYEVA