Tələbələrin pedaqoji təcrübəyə hazırlığı: Məqsədlər, əsas istiqamətlər, görüləcək işlər...


Müasir dövrdə təhsilin inkişafında pedaqoji kadr hazırlığı prosesi qarşısında qoyulan tələblər daim öz bacarıqlarını yeniləməyi bacaran, yüksək kvalifikasiyalı, yaradıcı təfəkkürə malik kompetent mütəxəssislərin, müəllimlərin, tərbiyəçi-pedaqoqların hazırlanmasını şərtləndirir. Təcrübə reallığın aktiv mənimsənilməsi və dəyişdirilməsidir.Pedaqoji təcrübə  təlim prosesinin ayrılmaz hissəsi olub, tələbənin kollecdə  pedaqogika, psixologiya, xüsusi metodikalar üzrə əldə etdiyi elmi - nəzəri biliklərin tətbiq edildiyi, reallaşdığı bir mərhələdir. Pedaqoji təcrübə bir kompleks prosesdir ki, tələbələr ixtisaslarına uyğun olaraq fəaliyyət növlərini yerinə yetirirlər.  Bu, tələbələrin  gələcək professional fəaliyyətinə hazırlığının ən effektiv üsullarından biridir. Pedaqoji təcrübə nəzəri bilikləri dərinləşdirir, tələbələrdə təlim-tərbiyə prosesinin müstəqil təşkilində professional - pedaqoji bacarıq və vərdişlər fomalaşdırır. Pedaqoji təcrübə tələbələrin uşaqların təlim-tərbiyəsində, dərslərin, məşğələlərin hazırlanması və keçirilməsində iştirakını nəzərdə tutur.  Həmçinin pedaqoji təcrübə gələcək peşə seçiminin  nə qədər doğru olduğuna əminlik yaradır.

 

Pedaqoji təcrübənin əsas məqsədləri nədir?

 

* Tələbələrdə seçdikləri peşələrə motivasiyanın yaradılması;

 

* Pedaqoji fəaliyyət haqqında ümumi təəssüratın yaradılması;

 

* Pedaqoji bacarıq və vərdişlərin yaradılması;

 

* Pedaqoji fəaliyyət təcrübəsinin yaradılması.

 

Pedaqoji təcrübə zamanı tələbələr təlim-tərbiyə  işini planlaşdırmaq; dərslərin, məşğələlərin konspektlərini tərtib etmək; müxtəlif mövzularda tədbirlər təşkil etmək və keçirmək; İKT bacarıqlarını istifadə etmək; tərbiyəvi işin müxtəlif formalarına rəhbərlik etmək; pedaqoji təbliğat aparmaq; valideynlərlə işin aparılmasını, təlim-tərbiyəvi işin müşahidə olunması və təhlil edilməsi üzrə bacarıq və vərdişlər əldə edirlər.

 

Kollecimizdə pedaqoji təcrübə necə təşkil olunur?

 

Tələbələri daha çox təcrübənin necə keçirilməsi maraqlandırır. Pedaqoji təcrübə üç hissədən ibarətdir: tədris təcrübəsi, istehsalat təcrübəsi, diplomqabağı təcrübə. Tələbələr ixtisaslarına uyğun olaraq uşaq bağçalarına, məktəblərə, müəyyən müəssisələrə, bərpa  və inkişaf  mərkəzlərinə  yönəldilir. Hər bir qrupa metodistlər, təcrübə rəhbərləri təyin olunur. Tələbələr təcrübə üzrə qarşılarına qoyulan tapşırıqları yerinə yetirərək, paralel olaraq, hesabat - portfoliosu (qovluğu) hazırlayır və təcrübə rəhbərinə təqdim edirlər. Burada onlar təcrübənin keçirilməsini əks etdirir, bu dövr ərzində əldə etdikləri yeni bilik və bacarıqlar qeyd olunur. Tələbələr portfolioda həmçinin təcrübə zamanı keçirdikləri  sınaq (açıq) dərslərin (məşğələlərin), tədbirlərin icmallarını əlavə edirlər.

 

Pedaqoji təcrübədə əsas subyekt tələbədir. Tələbə təcrübə müddətində çoxaspektli işlər görür: sınaq və açıq məşğələlər təşkil edir, müxtəlif tədbirlərin iştirakçısı və təşkilatçısı olur,  əyani vəsaitlər hazırlayır, müşahidə edir, gördüyü işləri qeydə alır.“Məktəbqədər təhsil”, “Ailə və ev təhsili”, “İnklüziv təhsil”  ixtisası üzrə təhsil alan tələbələr həmçinin təcrübədə olduqları təlim - tərbiyə müəssisələrində öyrədici - inkişafetdirici mühiti qurmağı, təlim - tərbiyə prosesini təşkil etməyi, uşaqlarla dil tapmağı, pedaqoq peşəsinin incəliklərini öyrənir, gələcək peşə fəaliyyətinin qurulmasında ilk addımlarını atırlar.

 

Tələbələrimizin pedaqoji təcrübələrini uğurla keçirməsi prosesin keyfiyyətini yüksəltmək üçün kollecimizdə silsilə təbirlər planı hazırlanıb yerinə yetirilir. Bu tədbirlər planına əsasən tələbələrin pedaqoji təcrübəyə tam məlumatlanmış və hazırlıqlı yönləndirilməsi nəzərdə tutulur. Müxtəlif ixtisaslarda təhsil alan tələbələrimiz üçün   ümumi təcrübənin keçirilmə qaydaları, tələbənin təcrübə hesabatının portfoliosunu hazırlanması, qiymətləndirmə meyarları ilə tanışlığı prioritet məsələlərdən hesab edilir. Əldə etdikləri nəzəri bilikləri xüsusi ustalıqla, həvəslə, yaradıcı tətbiq etmək üçün onlara məkan təqdim edilir. Nəzəriyyə və təcrübə bir - biri ilə sıx bağlı  olduqda daha yaxşı nəticə əldə olunur. Birini digərindən ayırdıqda hər biri daha zəif olur.

 

Kollecimizin tələbələrinin böyük hissəsinin əhatə olunduğu əsas ixtisas -  “Məktəbəqədər təhsil” ixtisasıdır.Tədbirlər planında “Məktəbqədər təhsil” ixtisası üzrə təhsil alan tələbələr üçün  “Məktəbəqədər təhsil müəssisələrində müəllim peşəsinin nüfuzu”, “Mən bir müəlliməm, tərbiyəçi - pedaqoqam...” mövzularında onlayn  seminarlar, canlı olaraq məktəbəqədər yaşlı uşaqlarda  idrakın inkişafı üzrə “master - klaslar” məşğələ nümunələri təqdim edilməsi nəzərdə tutulur.Bu tədbirlərin  tələbələrin gələcək peşəkar fəaliyyətlərində xüsusi rolu və əhəmiyyəti vardır. Bütün ixtisaslar üzrə pedaqoji təcrübəyə gedəcək IV kurs tələbələrinin onlayn təşkil edilmiş  komandada metodistlər, təcrübə rəhbərləri ilə görüş-seminarda  onların təcrübədə üzərlərinə düşən öhdəlikləri, vəzifələri, həmçinin qiymətləndirmə meyarları ilə  tanışlığı həyata keçirilir.

 

Məktəbəqədər təlim və tərbiyə müəssisələrində  tərbiyəçi  peşəsi ən qədim və ən çətin peşələrdən hesab olunur. Məktəbəqədər təhsildə ən əsas rol tərbiyəçiyə məxsusdur. Ona nəinki uşağın sağlamlığını, hətta həyatını etibar edirlər. Məhz buna görə  savadlı, bacarıqlı, təmkinli, uşaqları sevən, öz işinin peşəkarı olan pedaqoqlara ehtiyacımız var.

 

Uşağın inkişafı, onun ətraf aləmi qavraması daha çox tərbiyəçi - pedaqoqdan asılıdır.  Ona görə də tərbiyəçi məsuliyyətli, dövrümüzə uyğun olaraq  tələb olunan bir peşədir. Bu peşəyə doğru-düzgün yiyələnməkdə, xalqımıza canla-başla xidmət etməkdə həvəsli olan gənc nəslin yetişdirilməsində kollecimizin peşəkar müəllim - pedaqoq kollektivinin rolu danılmazdır. Bu işdə xidməti olan bütün müəllimlərimizə fəaliyyətlərində uğurlar, tələbələrimizə isə müəllimlərin onlara etimadlarını doğrultmalarını arzu edirəm.

 

Sevinc HACIYEVA, 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Davamlı təhsil və təlim şöbəsinin müdiri