Dövlət müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.
Gülüstan sarayında təşkil olunan İqtisad Forum çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilb.
UNEC-in rektoru, Forumun sədri, professor Ədalət Muradov iştirakçıları salamlayaraq, tədbirin ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla gənc tədqiqatçıların bir araya gəlməsinə həsr edildiyini bildirib. Aziz Sancarın gənc tədqiqatçılar, beynəlxalq olimpiada qalibləri, ali təhsil müəssisələrində təhsil alan, bilik və bacarıqları ilə seçilən şəhid övladlarına öz tövsiyələrini verəcəyini deyən rektor, alimin həyatından söz açıb, onu hər kəsə örnək bir şəxs kimi səciyyələndirib.
Forumun devizinin “Zəfər Yolu” olduğunu diqqətə çatdıran Ə.Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, Ali Baş Komandan İlham Əliyevin, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın 30 il işğal altında olan torpaqların azad edilməsinin xoşbəxtliyini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.
Forumda çıxış edən Nobel mükafatı laureatı, professor A.Sancar yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: “Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır”. Gənc alimlərlə tövsiyələrini bölüşən professor A.Sancar elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından da bəhs edib. Alim bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməsinin, onlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlara "bunu et, onu et", deyilməməlidir”.
Böyük maraqla qarşılanan çıxışdan sonra A.Sancar iştirakçıların suallarını cavablandırıb.
Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.