Azərbaycan Texniki Universitetində (AzTU) gənclər və idman naziri Fərid Qayıbovla görüş keçirilib.
Nazir əvvəlcə AzTU-nun İdman klubunda yaradılan şəraitlə tanış olub, tələbələrin şahmat oyununu, voleybol yarışını izləyib. Nazirə məlumat verilib ki, AzTU tələbələri arasında müxtəlif idman növləri üzrə Avropa və dünya çempionları var; Universitetin futzal komandası artıq bir neçə dəfə respublika birincisi olub.
İdman klubunun fəaliyyəti ilə tanışlıqdan sonra gənclər və idman nazirinin tələbələrlə görüşü olub.
Öncə AzTU-nun tanıtım videoçarxı nümayiş etdirilib.
“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə rektor Vilayət Vəliyev qeyd edib ki, Fərid Qayıbovun yeni təyin olunan nazir kimi ali təhsil müəssisələri arasında ilk görüşünün məhz AzTU-da keçirilməsi sevindiricidir. Rektor universitetdə gənclərlə işin təşkili barədə ətraflı məlumat verib.
F.Qayıbov universitetin tədris binalarında, eləcə də İdman klubunda yaradılan şəraiti yüksək qiymətləndirib. O, Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışıb.
Çıxışlardan sonra nazir tələbələri maraqlandıran sualları cavablandırıb, onların təkliflərini dinləyib.
Qeyd edək ki, “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində tələbələrin müxtəlif qurumların rəhbərləri ilə görüşlərinin təşkili nəzərdə tutulub.