Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə HRcell şirkəti ödənişsiz “Tələbə inkişaf təlimləri”nə start verib. Təlimlər tələbələrin gələcək karyera həyatına töhfə vermək məqsədilə təşkil edilib.

 

3 gün davam edəcək təlimlərin birincisi “Karyera planlaması”na həsr olunub. Təlimçi qismində HRcell şirkətinin direktoru Ağahüseyn Əliyev çıxış edib.  O, ölkədə kadr potensialını inkişaf etdirmək və qurumlara dəstək olmaq məqsədilə yaradılan şirkətin tarixi haqqında məlumat verib və onun əsas fəaliyyət istiqamətlərini sadalayıb. Bununla yanaşı, A.Əliyev müxtəlif illər ərzində BMU ilə çeşidli layihələr və təcrübə proqramlarının həyata keçirildiyini təlim iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirdə insan resurslarının şirkətdə rolu və funksiyaları, müsahibələrdə uğur qazanmağın sirləri,  öz potensialına uyğun karyera istiqaməti seçmək, həmçinin iş dünyasına daha rahat inteqrasiya etməyin yolları haqqında zəruri informasiyalar verilib.

 

Sualların cavablandırılması ilə yekunlaşan ilk təlimdə BMU-nun III, IV kurs bakalavr və magistr tələbələri iştirak ediblər.