Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı arasında görüş keçirilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızının və ADNSU prorektorlarının da iştirak etdiyi görüşdə rektor M.Babanlı Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. ADNSU-da təhsilin səviyyəsi, tədris və təhsildə olan yeniliklər haqqında səfirə məlumat verən rektor bildirib ki, bundan sonra Türkiyənin texniki unuversitetləri ilə əlaqələri daha da inkişaf etdirmək fikrindədirlər. Konkret olaraq iki ölkə arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, mübadilə proqramlarının icrası, o cümlədən, digər perspektivlər müzakirə olunub. M.Babanlı Kiyev Politexnik İnstitutu, ADNSU və Türkiyənin qabaqcıl texniki unuversitetlərindən biri ilə üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, gələcəkdə bu barədə memorandumun imzalanması haqqında da səfirlə fikir mübadiləsi aparıb.
Rektor ADNSU-da iki türk şəhidin adına auditoriyaların açılması haqqında səfirə məlumat verib. Qeyd olunub ki, auditoriyalar hazırdır və artıq adları da bəlli olan türkiyəli şəhidlər barədə tam məlumatlar, fotolar əldə edildikdən sonra yaxın zamanlarda bu auditoriyaların açılışı olacaq.
Səfir Cahit Bağçı öz növbəsində qeyd edib ki, təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcək. O, türk şəhidlərinin adına auditoriyaların yaradılmasını çox yüksək dəyərləndirib və belə bir təşəbbüsə görə rektor M.Babanlıya təşəkkürünü bildirib.
Görüşün sonunda türk şəhidlərin adına açılacaq auditoriyalara baxış keçirilib. Səfir, həmçinin, Azİİ e-Kitab Evi, buradakı ədəbiyyat bazası və tələbələr üçün yaradılan şəraitlə də tanış olub.