Naxçıvan Dövlət Universitetində “Stomatologiyada müasir innovasiyalar” adlı II beynəlxalq konfrans keçirilib.
Rusiya və Türkiyədən olan iştirakçıların onlayn qatıldığı tədbirdə universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov müasir elm, xüsusən də səhiyyə sahəsindəki yeniliklərdən bəhs edib.
Universitetin rektoru Elbrus İsayev isə qeyd edib ki, ali məktəbdə 2012-2013-cü ildən tədrisi aparılan Stomatologiya ixtisasında 303 tələbə təhsil alır ki, bunlardan 201-i xarici ölkə vətəndaşıdır. Bildirilib ki, müasir tipli “Stomatoloji simulyasiya kabinəsi” 13 ədəd diş simulyatoru-fantom ilə təchiz edilib. Tədrisin yüksək səviyyədə təşkili, təcrübi vərdişlərə yiyələnmək məqsədilə əsas praktiki dərslər bu kabinədə keçirilir. Fakültədəki diş texniki kabinəsində tələbələr müxtəlif diş maketləri, protezlər üzərində işlər aparmaq imkanı əldə edirlər.
Rektor onu da vurğulayıb ki, universitet xəstəxanasında hazırda pediatrik, terapevtik, 2 ədəd ortopedik, implantoloji olmaqla, 6 stomatoloji kabinə fəaliyyət göstərir. Qeyd edilib ki, stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, beynəlxalq layihələrdə iştirak edirlər. E.İsayev rezident və tələbələrin təcrübələrinin möhkəmlənməsində konfransın əhəmiyyətini də bildirib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov Stomatologiyada innovasiyalar konfransının 2004-cü ildən bəri keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, hətta pandemiya dövrünün ağır şərtləri daxilində konfrans onlayn olaraq həyata keçirilib. Nazir qeyd edib ki, muxtar respublikada stomatoloqların yetişməsində Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənovun xüsusi əməyi vardır.
Qeyd edək ki, incəsənət fakültəsinin sərgi salonunda konfransın baş sponsoru "Caspident" şirkətinin məhsulları nümayiş olunub. 1995-ci ildən fəaliyyət göstərən "Caspident MMC" stomatoloji avadanlıq, məhsul və alətlərin satışını həyata keçirir. Həmçinin "Caspident Academy" adı altında yerli və xarici konfrans, seminar və kurslar təşkil edərək stomatoloji sahədə yeniliklərin stomatoloqlara daha əlçatan olması üçün daim təşəbbüs göstərir.