Filippin Respublikasının Azərbaycandakı səfiri Maria Elena Palo Alqabre Bakı Dövlət Universitetində (BDU) olub.
Universitetin rektoru Elçin Babayev Azərbaycan və Filippin arasındakı mövcud ikitərəfli əlaqələrdən bəhs edib, BDU ilə Filippin ali məktəblərinin qarşılıqlı münasibətlərinin önəmini diqqətinə çatdırıb. Rektor Filippin Universiteti, Ataneo Manila Universiteti, Santo Tomas Universiteti və digər ali məktəblər ilə hüquq, iqtisadiyyat, mühəndislik, internet texnologiyaları, həmçinin başqa istiqamətlər üzrə əməkdaşlıq əlaqələri, görülə biləcək işlər barəsində məlumat verib.
Səfir Maria Elena Palo Alqabre qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Filippin ali məktəbləri ilə BDU-nun sıx və səmərəli, faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.
Görüşdə tələbə-müəllim mübadiləsi, Filippində fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, BDU ilə Filippin universitetləri arasında müştərək konfrans və simpoziumların keçirilməsi, tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, ikili diplomların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.