İnnovasiyalar Agentliyi və UNIDO - United Nations Industrial Development Organization-nun birgə əməkdaşlığı ilə Azərbaycan startap ekosisteminin 13 nəfər nümayəndəsi Sloveniyanın paytaxtı Lyublyana şəhərində işğüzar səfərdə olublar.
"Azərbaycanda rəqəmsal təhsil və innovasiya ekosisteminin infrastruktur inkişafına dəstək" adlı mübadilə proqramına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “HealWith” startapı da qatılıb.
Mübadilə proqramı çərçivəsində nümayəndə heyəti Sloveniyanın tanınmış texnoloji park və müəssisələrində istehsalat təcrübəsində iştirak ediblər. Belə ki, ‘’Slovenia Enterprise Fund’’ və ‘’Spirit’’ Agentliyinin yerli startap və KOB-a göstərdiyi maliyyə dəstəyi haqqında geniş məlumat verilib. Ölkənin nüfuzlu ‘’Primorska’’ Texnoloji Parkı, ‘’Sezana’’ və ‘’LU’’ İnkubator Doo mərkəzlərində Azərbaycan startaplarının geniş təqdimat sessiyası keçirilib. “LU” İnkubator Mərkəzi beynəlxalq təcrübədən irəli gələn əsas çağrışları Azərbaycan startapları ilə bölüşərək onlara Avropa bazarlarına çıxış mexanizmləri haqqında ətraflı məlumat verib.
Mübadilə proqramı Sloveniya innovasiya və startap ekosisteminin inkişafı, texnoloji parkların mövcud imkanları, rezidentlərin uğur hekayələri barəsində ətraflı təəssüratın formalaşmasında və ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayıb.