Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tanınmış memar, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Rəfael  Həsənovun xatirəsinə həsr olunmuş “Dizayn insanı” sənədli filminin təqdimatı keçirilib. Təqdimatda görkəmli memarın ailə üzvləri, yaxın dostları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin Dizayn kafedrasının müdiri olmuş R.Həsənovun xatirəsini böyük ehtiramla anaraq onun ömür yolu, yaradıcılığı, çalışdığı kafedra üçün gördüyü işlər haqqında məlumat verib. Rektor vurğulayıb ki, Rəfael müəllim təkcə memar kimi deyil, həm də pedaqoq kimi gənc memar-dizaynerlərin yetişməsində böyük xidmətlər göstərib.

 

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Əməkdar memar, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə R. Həsənovu Azərbaycanda dizayn elminin banisi kimi xarakterizə edib, onun dizayn elminin inkişafı və tərəqqisi üçün böyük xidmətlərindən danışıb.

 

Filmin rejissoru və ideya müəllifi Eldara Əliyeva çəkilişlərdə göstərdikləri dəstəyə görə memarın ailə üzvlərinə təşəkkür edib, Azərbaycanın belə görkəmli ziyalılarının gənclərə tanıdılmasının vacibliyinə toxunub.

 

Sonra 43 dəqiqəlik film təqdim olunub.

 

Təqdimatdan sonra AzMİU-nun kafedra müdirləri- Aybəniz Həsənova, Nizami Nağıyev R.Həsənovla bağlı xatirələrini danışıb, onun sadə, təvazökar, həyatsevər bir insan kimi yaddaşlarda əbədi qalacağını bildiriblər. Tədbirin qonaqları – Xalq artisti Xuraman Qasımova, R.Həsənovun tələbə yoldaşları və dostları da onun işıqlı xatirəsini yad ediblər.

 

Tədbirdə iştirak edən R.Həsənovun xanımı və qızı belə bir görüşün təşkilinə görə universitet rəhbərliyinə, filmin yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.