Tədbir çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib


İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib.

 

AMEA-dan verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunmuş AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə yağlı boya, sulu boya, linoqravüra və kompüter qrafikası kimi fərqli texnikalarda işlənmiş müxtəlif mövzu dairəsinə malik 26 əsər nümayiş etdirilib.

 

Daha sonra iştirakçılar Botanika İnstitutunun nəzdindəki  Botanika Muzeyində  açılan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi ilə tanış olub, İMərkəzi Nəbatat Bağının canlı kolleksiyasını ziyarət ediblər.

 

Botanika İnstitutunda təşkil olunan “Fizika və lirika” konfransında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mövzunun aktuallığını vurğulayıb. Tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən alim ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən söz açıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

 

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd edib..

 

Akademik İ.Həbibbəyli növbəti “Fizika və lirika” konfransının beynəlxalq miqyasda MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə təşkil olunacağını bildirib.

 

AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov konfransa töhfə olaraq hazırlanan “Qoşa qanad” kitabı barədə danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan kitabda 48 AMEA əməkdaşının şeiri çap olunub.

 

Tədbirdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov ədəbiyyatla fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil edib

 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika və digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki və təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə məlumat verib.

 

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid AMEA-nın 41 əməkdaşının təmsil etdiyi quruma üzv olduğunu deyib. O, Ədəbiyyat İnstitutunun daha iki əməkdaşına – filologiya üzrə fəlsəfə doktorları Aynurə Paşayevaya və Təranə Abdullayevaya birliyin vəsiqələrini təqdim edib. R.Məcid yaradıcı quruma yeni üzv qəbul olunan gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Əlkimya və əlfizikadan böyük ədəbiyyata” mövzusunda çıxış edib.

 

Konfransda “Simvollar: ədəbiyyatda və elmdə”, “Elmi idrakla bədii təxəyyülün qovuşuq məkanında”, “Bədii yaradıcılığın inkişaf dialektikasında təbiət elmlərinin rolu: təbiətdən ədəbiyyata”, “Astrofizika və lirika” mövzularında məruzələr dinlənilib.

 

Yusif ƏLİYEV