Bakı Dövlət Universiteti (BDU) ilə Aqrar Sığorta Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma BDU-nun rektoru Elçin Babayev və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov imza atıb.
Sənədə əsasən, tərəflər müəllim və tələbələr arasında elmi-praktik məlumatları inkişaf etdirmək, sosial məsuliyyət layihələrinin icrası, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkilində əməkdaşlıq barədə razılığa gəliblər.
Belə ki, universitetin tələbələri və professor-müəllim heyəti aqrar sığorta, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, yeniliklərlə bağlı geniş məlumat alacaq, onlardan təhsil və elmi fəaliyyətdə faydalanacaqlar.
BDU-nun müvafiq ixtisaslarda təhsil alan tələbələrinin Aqrar Sığorta Fondunda istehsalat təcrübəsi keçməsi, yay təcrübə və təlim proqramlarında iştirakı, sertifikatla təmin edilməsi də nəzərdə tutulur.
Həmçinin Fond tərəfindən universitetin müxtəlif səviyyələrdə (bakalavriat, magistratura və doktorantura) müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə dissertasiya mövzularının müəyyənləşdirilməsində dəstək veriləcək, eləcə də təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təminatına yardım göstəriləcək.