Mingəçevir Dövlət Universitetində (MDU) İnformasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərən Tələbə Elmi Dərnəyinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən viktorina keçirilib.
Viktorinada İnformasiya texnologiyaları, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Universitetin tələbə və müəllim kollektivi üzvlərinin Microsoft Teams platforması üzərindən yarışı onlayn izləmək imkanları da təmin olunub.
Mühəndislik fakultəsinin dekan əvəzi Almaz Əliyeva görkəmli elm xadimi, Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi irsinin təbliğinə universitetdə xüsusi önəm verildiyini bildirib, tələbələrin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən bu tipli bilik yarışlarının keçirilməsinin əhəmiyyətindən danışıb.
Viktorinanın aparıcısı MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Şəbnəm Nəsirova yarışın qaydaları haqqında məlumat verib.
Yarışda hər birində 7 tələbə olmaqla, 6 komanda mübarizə aparıb. Münsiflər heyətində Qazi Universitetindən qonaq professor Ercan Nurcan Yılmaz, mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, pedaqoji fakültənin dekan müavini Flora Namazova, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva, Riyaziyyat kafedrasının müdiri Sahib Mustafayev, Tədris şöbəsinin mütəxəssisi Nuran Cəfərov təmsil olunub.
Üç turdan ibarət viktorinanın qalibi “Logic” komandası olub. “Talents” və “Honda” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.