Azərbaycan Texnologiya Universitetində (UTECA) Logistika təlim-tədris mərkəzinin təşkilatçılığı ilə “Logistikanın funksiyaları, sistemləri, metodologiyası və konsepsiyaları” mövzusunda seminar keçirilib. Seminarda Şəmkir Aqropark Logistika Mərkəzinin mütəxəssisləri - direktor müşaviri Aqşin Sadıxov, istehsalat və logistika rəhbəri Vüqar İmranov və laboratoriya müdiri Yusif Hacıyev tələbələrə sektorun günümüzdə getdikcə artan əhəmiyyətindən, eləcə də nəzəri və praktik funksiyalarından danışıblar.

 

UTECA-da keçirilmiş xüsusi imtahan nəticəsində formalaşmış 11 tələbədən ibarət “Port of Baku” komandasının üzvləri Şəmkir Aqropark Logistika Mərkəzinin mütəxəssislərinə müxtəlif suallarla müraciət ediblər. Sualları cavablandıran mütəxəssislər tələbələri praktik təlimlər üçün Şəmkir Aqropark Logistika Mərkəzinə dəvət ediblər.

 

Seminarda, həmçinin, UTECA-nın elm və texnika üzrə prorektoru, dosent Səbuhi Yusifov, “Maşın mühəndisliyi və logistika” kafedrasının müdiri, professor Tofiq Qocayev də çıxış edərək tələbələrin gələcəyin peşəkar logistika mühəndisi kimi yetişdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

 

Qeyd edək ki, UTECA-da Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının dəstəyi ilə yaradılan Logistika təlim-tədris mərkəzi mütəxəssis hazırlığında   Şəmkir Aqropark Logistika Mərkəzi ilə  səmərəli əməkdaşlıq edir.