Bakı Ali Neft Məktəbi (BANM), Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “NewSpace Innovation” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “ICESCO qlobal akseleratoru” adlı pilot layihəsinin milli final mərhələsi olub.
BANM-də keçirilən tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat, Mədəniyyət nazirliklərinin, “Kapitalbank” ASC-nin nümayəndələri, Gürcüstanın ”Creative Caucasus” şirkətinin təsisçisi və baş icraçı direktoru Gela Suli, final mərhələyə qatılan komanda üzvləri, həmçinin tədbirin təşkilatçıları iştirak ediblər.
Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov layihə çərçivəsində uğurlu əməkdaşlığın yaradıldığını, bu layihənin yüksək səviyyədə icra olunduğunu bildirib.
“NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə layihənin gedişatı, indiyədək həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutmuş layihədə kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiya sahələri əhatə olunub. Vurğulanıb ki, final mərhələsində 16 komanda üzvləri iştirak edir.
Tədbirdə ICESCO-nun Elm və texnologiya üzrə məsləhətçisi Məhəmməd Şərifin layihə iştirakçılarına məktubu oxunub. Daha sonra “Yaradıcı iqtisadiyyatın gələcəyi” mövzusunda panel müzakirələr keçirilib, startaplar üçün yaradılan şərait, startap ekosisteminin maliyyələşdirilməsi, bu sahənin gələcək inkişafı müzakirə olunub.
Tədbirin sonunda milli final mərhələsində iştirak edən komanda üzvləri təqdimatlar keçiriblər. Onların təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilərək mükafatlandırılıb. Seçilmiş 3 ən yaxşı komanda Mərakeşdə keçiriləcək böyük final mərhələsində iştirak etmək hüququ qazanıb. Böyük finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar.
Xatırladaq ki, ICESCO-ya üzv ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədi daşıyan layihənin açılışı və birinci mərhələsi sentyabrın 11-də BANM-də baş tutub. İki günlük düşərgə və altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam etmiş layihə zamanı komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçirilib, komandalar ideyalarını təkmilləşdirməyi, təklif və prototiplər hazırlamağı öyrəniblər.