Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin tələbələri BDU və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən XX Bakı yapon dili natiqlik müsabiqəsinin qalibi olublar.
Hər il ənənəvi olaraq, BDU ilə Yaponiyanın səfirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə keçirilən müsabiqə bu il də onlayn formatda təşkil olunub. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr yapon dili üzrə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin şərtlərinə uyğun olaraq, iştirakçılar sərbəst mövzuda yaponca esse yazıb, yapon dilində esseni şifahi şəkildə səsləndirib və mövzuya aid 2 sualı yaponca cavablandırıblar. Münsiflər heyəti Bakı Yapon Cəmiyyətinin üzvləri və Yaponiyanın Azərbaycandakı səfirliyinin üzvlərindən təşkil edilib. Müsabiqədə şərqşünaslıq fakültəsinin regionşünaslıq (Yaponiya üzrə) ixtisasının III kurs tələbəsi Nuray Rəsulzadə I yerə, IV kurs tələbələri Fatimə Dadaşova II yerə, Nəzrin Cuvarlinskaya III yerə, II kurs tələbələri Mədinə Novruzova V yerə, Elşad Bayramov isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. IV yerə Azərbaycan Dillər Universitetinin tələbəsi Nərmin Bədirli layiq görülüb.
Yapon dili üzrə natiqlik müsabiqəsinin əsas məqsədi tələbələrə yapon dilində bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı artırmaqdır.
Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi 2021-ci il 18 dekabr tarixində keçiriləcək XXXIV Moskva Beynəlxalq yapon dili natiqlik müsabiqəsində ölkəmizi təmsil edəcək.