Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

Məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən Müharibəsində qazandığımız şanlı qələbə və ərazi bütövlüyümüzün bərpası naminə atılmış addımlar haqqında daha geniş məlumatlandırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa”, “Açıq dərs”lər, seminar və mühazirələr, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

 

Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayan Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmiz müstəqilliyin bərpasının ilk illərində bir sıra çətinliklərlə üzləşsə də, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın azadlıq hərəkatında tamamilə yeni mərhələ başladı. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparmasından bəhs olunub. Həmçinin qeyd olunub ki, Dirçəliş Günü xalqımızın milli həmrəyliyinin, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizəsinin təntənəsidir.

 

Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub.

 

Şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.