Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubiley və “Nizami ili” ilə əlaqədar “Nizami irsinin tanıdılması” mövzusunda elmi seminar keçirilib. Universitetin Azərbaycan dili və pedaqogikası kafedrasının təşəbbüsü ilə keçirilən seminarda Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşları, AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri Salatın Əhmədova “Nizami ili” ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini, bu günkü seminarın da həmin tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. S.Əhmədova böyük şairin irsinin öyrənilməsi, araşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən genişmiqyaslı işlərdən danışıb, hazırda ölkə Prezidentinin bu yöndə həyata keçirdiyi tədbirlər planı haqqında ətraflı məlumat verib.

 

Tədbirdə iştirak edən Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova məruzəsində şairin yaradıcılığına nəzər salıb, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açıb. T.Bədəlova Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun geniş şöhrət tapmış, dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”sində əsas xətti təşkil etdiyini söyləyib. Dahi şairin söz xəzinəsindən gənclər üçün dəyərli nümunələr gətirən məruzəçi Nizami irsinin, sadəcə ədəbiyyat deyil, insan təfəkkürünün, düşüncəsinin inkişafına da təkan verdiyini diqqətə çatdırıb.

 

Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin fenomenal bəşəri irsinin həmişə aktual olduğunu vurğulayıb, şairin humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərinin gənc nəslin tərbiyəsində mühüm roluna toxunub. 

 

AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən nümunələr çəkərək bu irsin əsrlərdir, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamasından, bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.