Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir.
20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Açıq dərs” və seminarlar təşkil olunur.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.
Bundan əlavə, Vətən Müharibəsi dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşağın həlak olması, 50 nəfərinin yaralanması, bir çox uşağın isə valideynlərini itirmələri barədə məlumat verilir. Qeyd edilir ki, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarıb. Vurğulanır ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Bildirilir ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Qeyd edək ki, təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.