Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  8 Noyabr – Zəfər Günü münasibətilə uşaq və gənclər arasında keçirilən “Azərbaycanın Zəfəri” adlı respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

Tədbir Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı və Qavaldaş nağara ritm qrupunun, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Bakı şəhəri 21 saylı Uşaq Musiqi Məktəbinin, Ağdam şəhər Uşaq Musiqi Məktəbinin, Samux, Kürdəmir, Şuşa və Bakı şəhərlərinin uşaq incəsənət məktəblərinin hərbi yaradıcılıq kollektivlərinin, ümumilikdə 152 nəfərdən ibarət 12 kollektivinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilib. 

 

Respublika festivalına Bakı şəhəri və respublikamızın regionlarındakı təhsil müəssisələrindən solo, duet, kollektiv olmaqla 4 yaş qrupunda (10 – 13, 14 – 17, 18 – 21 və qarışıq yaş qrupları) vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı qatılıb, 104 videoçarx finala vəsiqə qazanıb. Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. 

 

Qeyd edək ki, festivalın məqsədi milli qürurun təntənəsinə çevrilən misilsiz qələbənin qeyd olunması, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərin təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, müasir ordumuzun gücünün təbliği və gənclərimizin mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşdırılmasından ibarət olub.