Xirdalan şəhər 2 nömrəli tam orta məktəbdə şəhid ailələri və qazilərin iştirakı ilə 8 noyabr Zəfər Günü ilə bağlı  “Zəfərə aparan yol” adlı tədbir keçirilib.  

 

Tədbirdə qeyd olunub ki,  təhsil ocağını məzunlarından 7 nəfər Vətən müharibəsində iştirak edib. Onlardan dördü- Fərid Məmmədov, Zaur Dövlətov, Asif Ataşov və Mustafa Babayev son damla qanlarına qədər qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. 3 nəfər isə- Nicat İsmayılov, Səmral Paşayev, Ceyhun Əhmədov 44 günlük Vətən müharibəsində qazi olub.  

 

Məktəbin direktoru Ədalət Camalova bildirib ki, 8 noyabr 2020-ci il Azərbaycan tarixinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı:”Məhz həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində Möhtəşəm Qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur qaldı”.

 

Tədbirdə iştirak edən şəhidlərin valideynləri Kifayət Məmmədova, Zahir Dövlətov, Kərim Ataşov, Elman Babayev çıxışlarında vurgulayıblar ki,  44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya Azərbaycanın bir yumruq kimi birləşdiyini gördü. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə sinə gərdi,  Azərbaycanı bu müharibədən Zəfərlə çıxardı. Azərbaycan bütün dünyaya  münaqişənin həllinin mümkünlüyünü sübut etdi.

 

Tədbirdə şagirdlər tərəfindən qəhrəman şəhidlərimiz haqqında şeirlər söylənilib, mahnılar oxunub, musiqilər səslənib.

 

Rəşad ZİYADOV