Bakı Dövlət Universitetində (BDU) Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub.

 

Rektor Elçin Babayev dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş ictimai-siyasi xadim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçin Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb. Bildirib ki, Ş.Caferoviç Bosniya və Herseqovinanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Qonağın Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Azərbaycan - Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin, təhsil və elmi əməkdaşlığın inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.

 

E.Babayev iki dövlət arasındakı diplomatik əlaqələrdən, yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, eyni zamanda, qonağa BDU haqqında məlumat verib. Həmçinin BDU Elmi Şurasının Ş.Caferoviçə Fəxri doktor adının verilməsi haqqında qərarını elan edib. Ş.Caferoviç bu ada Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin və elmi əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.

 

Rektor Fəxri doktor diplomunu ali qonağa təqdim edib.

 

Xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən, Azərbaycanla Bosniya və Herseqovina arasında yüksək əməkdaşlıq əlaqələrindən söz açıb, Ş.Caferoviçin bu əlaqələrin inkişafındakı xidmətlərindən bəhs edib.

 

Sonda ictimai-siyasi xadim Ş.Caferoviç Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin inkişafından danışıb, Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edib, siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.