Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsinin başa çatmasından  bir il ötür.

 

Ötən ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verdi və bizim Vətən müharibəmiz başlandı.  Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlıq səviyyəsi Ermənistanın bütün planlarını alt-üst etdi. Düşmən uzun müddətdən bəri törətdiyi cinayətlərin və verdiyi təcavüzkar bəyanatların cəzasını layiqincə aldı. Ordumuz torpaqlarımızı işğaldan qurtardı və xalqımızda böyük coşğu yaratdı. Müharibə noyabrın 10-da “Dəmir yumruğ”un zərbəsi altında Ermənistanın kapitulyasiyası ilə tam başa çatdı.

 

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışının əsas tezisindən aydın olur ki, Ermənistan Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadan düşünülmüş şəkildə, bilərəkdən yeni müharibənin başlanmasına doğru gedirdi. Yəni, Ermənistan hakimiyyətinin pozucu və təcavüzkar siyasəti 44 günlük Vətən müharibəsinə gətirib çıxardı. Bu mesajların dünya ictimaiyyətinə verilməsi ona görə lazım idi ki, qarşı tərəf müharibəyə görə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırdı. Prezidentin dərin məntiqə söykənən təhlili, həmçinin hadisələrin gedişi, müharibənin başlama səbəbləri ilə bağlı müfəssəl, konkret faktlarla məlumatları, informasiya cəbhəsində vəziyyəti Azərbaycanın xeyrinə dəyişirdi. Azərbaycan Prezidentinin Vətən müharibəsinin başlanma səbəbləri barədə BMT tribunasından  dünya ictimaiyyətinə verdiyi bu mühüm mesajlar bu gün müxtəlif beyin mərkəzləri tərəfindən araşdırılır və geniş şəkildə təhlil edilir. Təkcə müharibənin səbəbləri də yox. Azərbaycanın müharibə taktikası da dünyada öyrənilməyə başlanılıb.

 

Qüdrətli Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarını “İldırım sürətli müharibə” adlandırmaq olar. Ermənistanın 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa çətin ehtimal verirdi. Ancaq xalq-ordu-lider birliyi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi-hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı.

 

Azərbaycan xalqı döyüş meydanında tarixi ədaləti bərpa etdi; öz Prezidentinin ətrafında sıx birləşən xalq Qarabağın onun üçün milli ləyaqət məsələsi olduğunu və bu məsələdən alnı açıq, üzü ağ çıxdığını dünyaya sübut etdi.

 

Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərdi, qətiyyəti, prinsipallığı, “Dəmir yumruq” əməliyyatı ilə göstərdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Məhz Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, vətən - torpaq sevgisi, xalqımızın birliyi parlaq qələbəni təmin etdi.

 

İqtisadi güc, güclü ordu, beynəlxalq səviyyədə qazanılan uğurlar, milli həmrəylik və birlik- Azərbaycana qələbə qazandıran amillər idi. Vətən müharibəsi Qələbəsi təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil,  millətin dirçəlişi, oyanışı, özünə qayıdışının mənəvi simvolu oldu.

 

8 noyabr 2020-ci il Şuşanın azadlıq tarixidir. Bu tarix həm də 44 günlük Vətən müharibəsinin Zəfər tarixidir.  8 noyabr xalqımız üçün Böyük Qələbə Günüdür!

 

Zəfərin mübarək, Azərbaycan!

 

Şəbnəm ƏLİYEVA,

Naxçıvan Müəllimlər İnstitutu