Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Qələbənin sədası" adlı konsert keçirilib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü naminə canından-qanından, sağlamlığından keçən müzəffər ordumuza, azərbaycan əsgərinə olan sonsuz minnətdarlıq duyğusunun təzahür edilməsi, zəfər gününün sevincini müxtəlif bölgələrdən olan Vətən müharibəsi iştirakçısı və qazisi olan təhsil işçiləri, onların ailələri ilə birlikdə qeyd edilməsi tədbirin keçirilməsinin əsas məqsədi olub.
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yüzillik yubileyi tarixinə təsadüf edən konsertin proqramı Akademiyanın beynəlxalq müsabiqələr laureatları və prezident təqaüdçüləri olan istedadlı tələbələri tərəfindən hazırlanıb. Proqramda vətənpərvərlik mövzularında bəstələnmiş mahnı və musiqilər səsləndirilib. 30 ilədək düşmən əsarəti altında qalmış tarixi torpaqlarımızı azad etməsi ilə xalqımızın tarixində yeni qəhrəmanlıq salnaməsı yazan rəşadətli Azərbaycan ordusunun keçdiyi Zəfər yolu musiqi ilə tərənnüm edilərək, mahnılarda vəsf edilib.