Azərbaycan Texniki Universitetində (AzTU) 8 noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Dövlət Universiteinin kafedra müdiri, millət vəkili Anar İsgəndərov, “Yaşat” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov və universitet nümayəndələri iştirak ediblər.

 

Qonaqlar əvvəlcə universitetin foyesində nümayiş olunan kitab və rəsm sərgilərinə baxıblar.

 

Daha sonra 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub.

 

AzTU-nun rektoru V.Vəliyev bildirib ki, 44 günlük Vətən müharibəsi ordumuzun gücünü dünyaya nümayiş etdirib:”Bu müharibədə ilk dəfə müasir texnologiyalardan istifadə olunması da dünya hərb tarixində yenilik idi. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, artıq tanklar və toplarla deyil, müasir texnologiyadan istifadə etməklə düşmən üzərində qələbə qazanmaq mümkündür”. Rektor qeyd edib ki, Vətən müharibəsində universitetin 250-dən çox tələbə və məzunu da ön sıralarda xidmət edib. Onlar arasında 32 nəfər şəhidlik zirvəsinə yüksəlib.

 

Daha sonra çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov,  millət vəkili Anar İsgəndərov, “Yaşat” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov Vətən müharibəsində əldə olunan qələbənin bir illiyi münasibətilə təbriklərini çatdırıb.

 

Qeyd olunub ki, Azərbaycan ordusu öz torpaqlarını erməni işğalçılarından azad etməklə yanaşı, həm də beynəlxalq hüququn tələblərini yerinə yetirib. Qalib ordunun qazandığı qələbədən sonra işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri də bütün dünyaya Azərbaycan dövlətinin gücünü nümayiş etdirir.

 

Çıxışlardan sonra Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında rəqs nömrələri təqdim olunub.

 

Daha sonra Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nağara qrupu musiqi kompozisiyası ilə çıxış edib.

 

Tədbir AzTU tələbələrinin ifaları ilə başa çatıb.