Bakı Mühəndislik Universitetində (BMU) 8 noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Zəfər yolu tarixi ilə bağlı videoçarx nümayiş olunduqdan sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq ən parlaq səhifədir.  Azərbaycanın ən ağrılı probleminin həlli üçün Ulu öndər Heydər Əliyevin başlatdığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdıran rektor Zəfərə aparan yolun asan başa gəlmədiyini bildirib.

 

H.Məmmədov Azərbaycanın təkbaşına,  öz qəhrəman övladlarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin etdiyini, bu gün tarixi torpaqlarımızda şanlı bayrağımızın dalğalandığını, böyük quruculuq işlərinin həyata keçirildiyini fikirlərinə əlavə edib.

 

44 günlük müharibə zamanı düşmənin birliyimizi pozmağa, millətin ruhunu qırmağa hesablanan müharibə cinayətlərinin xalqımızın əzmini, iradəsini əzə bilmədiyini deyən rektor Azərbaycanın əsl milli həmrəylik, birlik nümayiş etdirdiyini söyləyib. Qazanılan qələbənin Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsi olduğunu vurğulayan H.Məmmədov bildirib ki, şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər onları hər zaman fəxr və qürurla yad edəcək.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti ilə xalqımızın əldə etdiyi tarixi qələbədən danışaraq vurğulayıb ki, çox böyük peşəkarlıq, şücaət və fədakarlıq tələb edən döyüşlərdə Azərbaycan Ordusu cəmi 44 günə şərəfli missiyanın öhdəsindən gəldi. Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatının dünya hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildiyini deyən İ.Gülməmmədova qələbənin qazanılmasında şəhidlərimizə, qazilərimizə, ümumilikdə ordumuza borclu olduğumuzu bildirib.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandığını, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızın azadlığa qovuşduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb, müharibə zamanı baş verən proseslərdən, qəhrəman Azərbaycan övladlarının göstərdikləri şücaətlərdən bəhs edib. Xalqımızın tarixi zəfərin ildönümünü böyük qürurla, təntənə ilə qeyd etdiyini bildirən millət vəkili qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.

 

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi günü olan 8 noyabrın tariximizə qızıl hərflərlə yazıldığını, bu qələbənin Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacağını bildirib.

 

Sonra 44 günlük Vətən müharibəsində ağır yaralanan, Füzuli və Şuşanın azad olunmasına görə medallarla təltif edilən BMU məzunu, qazi Pərviz Əliyevin döyüş yolu barədə videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən qazi P.Əliyev keçdiyi döyüş yolu barədə təəssüratlarını bölüşüb.

 

Tədbir BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın təşkilatçısı və quruluşçu rejissoru olduğu bədii hissə ilə davam edib.