Lənkəran Dövlət Universitetində (LDU) 8 noyabr –Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.
Ali məktəbin rektoru, professor Natiq İbrahimov böyük tarixi gün- Zəfər bayramı münasibətilə konfransda iştirak edən şəhid ailələrinin üzvlərini, qaziləri, müharibə iştirakçılarını, universitetin tələbə-professor-müəllim heyətini təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir:”Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə qazanaraq, işğalçı düşməni torpaqlarımızdan qovduq”.
Professor N.İbrahimov qeyd edib ki, Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı:”Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı, 8 noyabr tarixə Zəfər günü kimi yazıldı”.
Rektor bildirib ki, müharibədə Lənkəran Dövlət Universitetinin tələbə və məzunları, işçiləri də mərdliklə döyüşüb, şəhid, qazi, igid əsgər kimi adlarını ali məktəbin şərəf kitabına yazıblar.
Konfransda filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini, I Qarabağ müharibəsi iştirakçısı, dosent Qədim Rufullayev, Vətən müharibəsi iştirakçısı, mühasib Şəhriyar Həsənzadə, Vətən müharibəsi şəhidi, baş leytenant Vüsal Kazımovun həyat yoldaşı, universitetin kabinet müdiri Aysel Kazımova, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva çıxış edərək bildiriblər ki, Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib. Elə bir nəsil ki, ölkəmizin milli maraqlarının pozulmasına yol vermədi, haqqımız olanın əlimizdən alınması ilə barışmadı, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin etdi:”Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq”.
Tədbirdə tələbələrin vətənpərvərlik ruhunda hazırladıqları musiqili-ədəbi kompozisiya da özünəməxsusluğu ilə seçilib, tədbirə nikbin, həm də kövrək notlar qatıb; ifa olunan mahnılar, şeirlər, musiqi nömrələri iştirakçılara Zəfər ovqatı, bayram əhval-ruhiyyəsi bəxş edib.
Konfransın sonunda şəhid ailələrinin üzvlərinə Zəfər Günündən xatirə kimi universitet tərəfindən hədiyyələr təqdim olunub.