Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər  Günü ilə bağlı tədbirlər təşkil olunub.

 

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

 

Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində, həmçinin Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

 

Eləcə də təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib. Şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub.

 

Zəfər Günü ilə bağlı məktəblərdə Zəfər muzeyləri, lektoriyalar, şəhidlərin büst və barelyefləri açılıb, şagirdlərin və şəhid övladlarının əl işlərindən ibarət sərgilər təşkil olunub. 

 

Bundan əlavə, təhsil müəssisələrində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilib.