V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Son illər təhsil sahəsində həyata keçirilən islahatların müsbət nəticələri müəllimlərimizin, ümumi təhsil müəssisələrimizin ciddi fəallığına səbəb olub. Bu, özünü innovativliyə və yeni yanaşmalara əsaslanan təşəbbüslərdə də göstərir.  Artıq 5-ci ildir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri müəllimlərimizin bir sıra uğurlu layihələrlə çıxış etməsinə stimul yaradıb. Yenilikçi müəllimlərimizdən bir qrupunun V Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələrini oxuculara çatdırmaqda davam edirik.

 

“Aerokosmik mühəndislik - pilotsuz uçan aparatlar mərkəzi”

 

Bakının uğurlu tədris ənənələri ilə seçilən ümumtəhsil müəssisələrindən olan  287 nömrəli “Zəkalar” liseyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində “Aerokosmik mühəndislik- pilotsuz uçan aparatlar mərkəzi” layihəsi ilə qalib olub. Layihənin rəhbəri, liseyin direktoru Aygün Əhmədlinin sözlərinə görə, bu layihədə məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən yeniliklərin ölkəmizdə də həyata keçirilməsinə nail olmaqdır.

 

- Layihənin əsas vəzifəsi - dronların şagirdlər tərəfindən hazırlanması, onlarla işləmə bacarığının təkmilləşdirilməsi, şagirdlərin gələcək robotexnika olimpiadalarında, “Sabahın alimləri” müsabiqəsində bir gənc ixtiraçı alim kimi çıxış etmələrinə imkan yaradılması, görkəmli elm adamları ilə görüşlərinin təşkil edilməsidir. Şagirdlərin avia-raket modelçiliyi və Aero mühəndislik peşələrinə yiyələnməsinə yardım edilməsi,  STEAM bacarıqlarının dəstəklənməsi və həvəsləndirmə, gələcək pilotsuz uçan təyyarə mühəndislərinin, gənc mütəxəssislərin hazırlanması da əsas hədəflərdəndir. Layihədə 7-14 yaş qrupu şagirdlər və müəllimlər üçün 4 ay ərzində Master Robot- Dron Texnologiyası proqramı üzrə təlimlərin keçirilməsi planlaşdırılıb. Təlim müddətində şagirdlərə həm nəzəri, həm də  praktiki bacarıqlar öyrədiləcək və nəticədə onlar pilotsuz uçan aparatların hazırlanması üçün kiçik mühəndis kimi formalaşacaqlar.

 

Bu gün Azərbaycanda müxtəlif  uşaq inkişaf,  texniki  yaradıcılıq mərkəzləri mövcuddur.  Bu mərkəzləri məktəbə gətirmək lazımdır. Hazırda ölkə məktəblərində STEAM layihəsi icra olunur. Amma pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsi ilə bağlı bir mərkəz olmadığı üçün “Zəkalar” liseyinin nəzdində Azərbaycanda ilk yeni model  STEAM layihəsi “Gənc Mühəndislər”, “Gənc Mühəndislər- AERO Robotexnika  Mərkəzi” nin yaradılması irəli sürülür. Bu mərkəzdə şagirdlər PUA-ları məhz özləri istehsal edəcək, proqram təminatı yazacaq və sonra onları idarə edəcəklər. AERO Robotexnika Mərkəzi “Zəkalar” liseyinin nəzdində şagirdlərin texniki yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi sahəsində böyük əhəmiyyət daşıyacaq. Ona görə gələcəkdə də liseydə bu fəaliyyətin mərkəz olaraq davam etdirilməsi nəzərdə tutulur.

 

“Şagirdlərin Astronavtika Məktəbi”

 

Təhsildə inkişaf və innovsiyalar üzrə V Qrant müsabiqəsində qalib gəlmiş  və günümüzün çağırışları ilə səsləşən diqqətəlayiq layihələrdən biri də “Şagirdlərin Astronavtika Məktəbi” layihəsidir.  Layihənin müəllifi,  Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova:  

 

- Məlum olduğu kimi, elm dünyasının ən mötəbər və yüksək zirvəsi hesab olunan Beynəlxalq Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ən yüksək səviyyədə ev sahibliyi etməsi üçün təşkilati işlərə başlanılıb. Bu möhtəşəm elm tədbiri ərəfəsində Azərbaycan məktəblilərinin astronavtika sahəsinə meyil və marağının yaradılması çox məqsədəuyğun olardı. Azərbaycanda son illərdə başladılan STEAM tədrisinin qollarından biri də “STEAM to Astronomy”-dir. Yəni, STEAM-da astronavtika üzrə müəllimlər və şagirdlərlə iş aparılması çox aktual istiqamətlərdəndir. Layihə çərçivəsində astronavtika istiqamətində müəllimlər və şagirdlərlə praktik işlərin aparılması, bilik və bacarıqların aşılanması üçün təlimlərin təşkili, Şamaxı Astrofizika Rəsədxanasının,  Bakıdakı Tusi Bohem Planetariumun, “Azərkosmos” ASC və s.  malik olduğu tədris imkanlarından istifadə nəzərdə tutulub. Layihənin məqsədi müəllim və məktəblilərə  astronavtika məzmunlu mühəndislik-dizayn həllərini  proqramlaşdırma ilə vəhdət şəklində mənimsətmək və onlarda XXI  əsr bacarıqlarını formalaşdırmaq üçün şagirdlərin “astronavtika məktəb”ni təşkil etməkdir.

 

Hədəf qrupu olacaq şagird və müəllimlər üçün  STEAM-da astronavtika məzmunlu təlim və fəaliyyətlər təşkil ediləcək, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına elmi-təcrübi ekskursiya, teleskoplarla səmanın müşahidəsi həyata keçiriləcək. Layihə çərçivəsində  “Azərkosmos”ASC-yə ekskursiya təşkil ediləcək. Ekskursiyadan qayıdan şagirdlər öz təəssüratlarını əks etdirən video və ya təqdimatlar hazırlayacaqlar. Məktəblər səviyyəsində astronavtika elminə marağın  yaradılması, potensiallı şagirdlərin aşkarlanması mümkün olacaq. Qeyd edək ki, noyabrın 1-də layihənin artıq açılış mərasimi keçirilib. 100 nəfərə yaxın iştirakçının qatıldığı tədbir yüksək maraqla qarşılanıb.

 

“Mənim animasiyam”

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən biri də “ Mənim animasiyam” dərnəyidir. Layihə rəhbəri Bakıdakı Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Nuriyevadır:  

 

- Belə bir layihəni çoxdan idi ki, reallaşdırmağa çalışırdım. Təhsil Nazirliyinə bu işdə mənə fürsət yaratdığı üçün təşəkkürümü bildirirəm. Hazırkı nəsil texnologiya əsrində böyüyür. XXI əsrin yaratdığı  “texnoloji əyləncələr” uşaqlarda diqqət yayınıqlığına, özünəqapanmağa, özgüvən əksikliyinə və yaradıcı təfəkkürün ləngiməsinə gətirib çıxarır. Lakin biz böyüklər nə etsək də uşaqlarımızı bu “texnoloji əyləncələrdən” təcrid edə bilmərik. Çünki dövr, zaman bunu bizdən tələb edir. Diqqət yayınıqlığı nəticəsində ibtidai sinif şagirdləri beyinlərində qurduqları fikirlərə fokuslanıb izah edə bilmirlər. Diqqət yayınıqlığı kreativ düşüncəni, analitik düşüncəni, göz və əlin bir-biri ilə koordinasiyasını ləngidir. Konsentrasiyanı gücləndirəcək ən yaxşı metod xırda detallarla işləməkdir. Çünki şagird bu zaman diqqətini cəmləməyə məcbur olur. Digər bir məsələ isə ibtidai sinif şagirdlərində özünəqapanıqlığın çox olmasıdır. Müasir dövrün  uşaqları ev şəraitində kompüterdə müxtəlif proqramlarla vaxt keçirdiklərindən bu cür halın baş verməsi qaçılmazdır. Nəticədə,  bu yaş qrupundakı uşaqlarda özgüvən əksikliyi yaranır. Araşdırmalara əsasən özgüvən əksikliyini 2 şəkildə aradan qaldırmaq olur. Bunlardan biri idman, digəri incəsənətlə məşğul olmaqdır.

 

 Biz isə incəsənət və texnologiyanı birləşdirərək şagirdlərə “animasiya”nı təqdim edirik. 9-10 yaş qrupuna aid olan şagirdlər öz gördüklərini, eləcə də görmək istədiklərini animasiya şəklində hazırlayırlar. Hazırladıqları məhsul onların yaratdığı orijinal məhsul olur. Nəticədə şagirdlərdə özgüvən problemi aradan qalxmış olur. Eyni zamanda şagirdlər animasiyanı yaradarkən kreativ şəkildə düşünməli olurlar. Bu da onlarda kreativ və analitik düşünməyə gətirib çıxarır. İkinci bir tərəfdən isə şagird öz düzəltdiyi animasiyanı ətrafdakı insanlara izah edərkən əlaqə, ünsiyyət qurmalı olur, bu isə onun nitqini inkişaf etdirir. Layihəmizin icrası sentyabrın 15-dən başlayıb. Oktyabr ayının ilk həftəsindən layihə həftədə 1 dəfə 2 qrupa bölünərək icra olunur. Şagirdlər animasiya proqramları ilə müxtəlif videolar hazırlayırlar. Düşünürəm ki, bu layihə yeni nailiyyətlərə səbəb olacaq, yeni yanaşmalar ortaya çıxaracaq.

 

“İnklüziv siniflərdə STEM+ART layihəsinin tətbiqi”

 

Məlumdur ki, son illərdə dünyada fənlərin inteqrasiyasına əsaslanan STEM təhsil yanaşması məzmunca yeni keyfiyyətdə çıxış edir. Gəncə şəhər 21 nömrəli tam orta məktəbin müəllimi Aygün Rzayevanın  “İnklüziv siniflərdə STEM+ART layihəsinin tətbiqi” layihəsi də bu yeni məzmuna adekvat münasibət kimi qiymətləndirilə bilər. Layihə barədə müəllif  özü məlumat verir:

 

- Son illərdə STEAM təhsil müasir təhsil fenomeni kimi  peşəkar səriştələrə malik mütəxəssis hazırlığında  mühüm istiqamət kəsb etməkdədir. STEAM layihəsi hazırda Bakının 42 ümumi təhsil müəssisəsində tətbiq olunur. Lakin bu təlimlər və dərslərdə iştirak edənlər sağlam siniflərdə təhsil alan, heç bir fiziki qüsuru olmayan şagirdlərdir. Apardığımız araşdırmaya görə,  Rusiya Federasiyası, ABŞ, Finlandiya və Estoniya kimi ölkələrdə inklüziv təhsildə STEAM layihəsinin tətbiqi uğurla davam edir. Şagirdlər bu təlimlərin sayəsində özlərini daha sərbəst və daha innovativ ideyalara sahib bilik və bacarıqlara malik tərzdə aparır və hətta öz fiziki qüsurlarını belə unutmuş olurlar.  Bu gün irəli sürdüyümüz ideyanın məqsədi - yeni bir təhsil modelinin Azərbaycan təhsilində tətbiqinə nail olmaq və Gəncə şəhərində yeni yaradılacaq STEAM+ART Tədris Mərkəzində ilk dəfə inklüziv siniflərdə STEAM layihəsinin tətbiqinə başlamaqdır. Bu Mərkəzə azərbaycanlı mütəxəssislərlə birgə eyni zamanda Türkiyə və Avropa mütəxəssisləri də dəvət olunacaq.  Layihənin vəzifələrinə  STEAM+ART Təhsil Mərkəzinin  yaradılmasına, inklüziv siniflərdə xüsusi təlim proqramı əsasında gələcəyin dahi şəxsiyyətlərinin yetişdirilməsinə,   layihə vasitəsi ilə öyrənmə və təhsilə olan baxışların innovativ istiqamətdə dəyişdirilməsinə nail olmaqdır. Praktiki bacarıqlara diqqət yetirərək, məktəblilər öz iradələrini, yaradıcılıq potensialını, çevikliyini inkişaf etdirir və başqaları ilə əməkdaşlıq etməyi öyrənirlər. Bu bilik və bacarıqlar tədrisin əsas hədəfini, yəni bütün təhsil sisteminin məqsədini təşkil edir.

 

STEM+ART Tədris Mərkəzi beynəlxalq təcrübəni özündə əks etdirəcək. Bu  tədris Mərkəzində elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşqələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərəcək.  

 

Bu mərkəz bir məktəb rolunu oyanacaq. İrəli sürdüyümüz məsələ inklüziv təhsil sahəsində tam yenilik olacaq. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alacaq, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı vermiş olacaq.

 

“3D modelləşdirmənin və Google Sketchup proqramının təhsilə tətbiqi”

 

Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin informatika müəllimi Aytac Əkbərli  V Qrant müsabiqəsində  “3D modelləşdirmənin və Google Sketchup proqramının təhsilə tətbiqi” layihəsi ilə iştirak edib və qalib elan olunub.

 

- Hazırda  təhsil sistemi qarşısında yüksək 3D bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatın müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi durur. Ən aktual məsələlərdən biri də məktəblərdə STEAM layihəsinin tətbiq olunmasıdır. Məhz STEAM layihəsinin tətbiqində də 3D modelləşdirmədən istifadə olunur. 3D vasitəsilə informasiyanın imkanları artır, rəng və forması dəyişən əşyaların təsvirini reallaşdırır. 3D nəinki insanların koqnitiv imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyəti üçün maraqlı imkanlar açır. Layihəmin əsas məqsədi SketchUp proqramının tətbiqi ilə əlaqədər yeni bacarıqların formalaşması haqqında müzakirələr aparmaq, şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılmasıdır. Bir informatika müəllimi olaraq düşünürəm ki, kompüter biliklərinin əsası məhz orta məktəbdə ibtidai təhsildə qoyularsa, daha yaxşı nailiyyətlər əldə bilərik.Məhz məqsədim də şagirdlərə bu proqramı daha dərindən və əyləncəli formada mənimsətmək, həmçinin onlarda formalaşan bacarıqları üzə çıxarmaqdır. 3D modelləşdirməyə, yəni SketchUp proqramına marağı olan istedadlı şagirdlər üçün dərnək və təlimlər təşkil etmək, müxtəlif təlim üsulu və vasitələrdən istifadə edərək şagirdlərin 3D modelləşdirmə sahəsində bilik və bacarıqlarını artırmaqdır. Layihənin vəzifəsi Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə, eləcə də Bərdə, Yevlax, Gəncə və Ağdam rayonları üzrə 200-ə yaxın şagirdi müxtəlif təlim proqramları - 3D modelləşdirmə və Google SketchUp proqramı üzrə məlumatlandırmaq, onların qazandığı vərdişləri inkişaf etdirmək, rəğbətləndirmək və informatika fənn olimpiadalarında iştirak etmələrinə dəstək olmaqdır. Layihəmdəki əsas vəzifə yalnız təhsil prosesini təmin edən üsul deyil,  həm də məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açacaq, uşaqları yeni biliklər qazanmağa sövq edəcək.

 

Oruc MUSTAFAYEV