Ansambl açılış mərasimində və bölgələrdə konsert proqramı ilə çıxış edib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Gənclik” mahnı və rəqs ansamblı Folklor Festival və İncəsənət Təşkilatlarının Beynəlxalq şurasının (CİOFF) təşkilatçılğı ilə İspaniyada keçirilən festivalda 24 nəfərlik nümayəndə heyəti ilə iştirak edir. Səfər çərçivəsində ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı festivalın açılış mərasimində iştirak edib, həmçinin İspaniyanın Lorka, Sevilya və Borka şəhərlərində və digər bölgələrində konsert proqramı ilə çıxış edib. Festivalda İspaniyanın iki yerli ansamblı və Meksika, Keniya, Seneqal və Azərbaycandan olan nümayəndələr iştirak edib.
Qeyd edək ki, ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı Azərbaycanın ən uğurlu milli rəqs ansambllarından biridir. Yarıməsrlik tarixə malik bu ansambl 1965-ci ildə rəsmi olaraq fəaliyyətə başlayıb. Ancaq “Gənclik” dərnək kimi daha əvvəldən fəaliyyət göstərib. Ansamblın bədii rəhbəri, Əməkdar artist Sənan Hüseynovdur. Son 7 ildə ADNSU-nun ansamblı Təhsil, Gənclər və İdman nazirliklərinin təşkil etdiyi bütün müsabiqə və festivallardan birincilik əldə edərək geri dönür. 2016-cı ilin aprelində isə “Gənclik” “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının birincisi olub.