Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının ərazisində Qarabağın bitki müxtəlifliyini özündə əks etdirəcək guşələrin yaradılması planlaşdırılır.
Bu barədə Bağın baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev açıqlama verib. Onun sözlərinə görə, düşmən tapdağından azad olunmuş bölgələrimizin adını daşıyacaq bu guşələrdə həmin ərazilərin florasına xas ağac növləri əkiləcək. Bununla da Bağı ziyarət edənlərə doğma diyarımızın zəngin florası əyani nümayiş etdiriləcək.
N.Allahverdiyev, həmçinin yerli potensialı üzə çıxarmaq, xarici turistləri ölkəmizin zəngin florası ilə yaxından tanış etmək, Mərkəzi Nəbatat Bağında mövcud olmuş meyvə bağının bərpası, Azərbaycan florasına mənsub müxtəlif növ meyvə ağaclarının becərilməsi, Abşeron şəraitində onlara düzgün aqrotexniki qulluğun göstərilməsinin qarşıda duran əsas məsələlərdən biri olduğunu bildirib. Qeyd edib ki, yenidənqurma işləri çərçivəsində Bağın1-ci sahəsinin fitodizayn cəhətdən zənginləşdirilməsi məqsədilə sözügedən sahə üçün uyğun əkin materialları növlərinin seçimi və miqdarının müəyyənləşdirilməsi aparılıb. Mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində Bağda çay kolleksiyasının yaradılması da nəzərdə tutulur.