Noyabrın 3-də Tərtər rayonuna mediatur çərçivəsində rayon üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. 

 

Görüşdə təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, Tərtər Rayon Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon üzrə Vətən müharibəsində iştirak edən 8 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

 

Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.

 

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.


Görüşdə iştirak edən təhsil nazirinin müşaviri Elnur Əliyev Zəfərin qazanılmasında Vətən müharibəsi iştirakçısı olan təhsil işçilərinin də rolunu vurğulayıb. Nazir müşaviri döyüşən təhsil işçilərinin təhsilalanların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rolundan danışıb, onların gənc nəsilə nümunə olduqlarını diqqətə çatdırıb.

 

Çıxış edən digər görüş iştirakçıları da təhsil işçilərinə şanlı qələbənin qazanılmasında payı olduqlarına görə təşəkkür edib, onlara xüsusi diqqət və qayğını ifadə ediblər.

 

Daha sonra döyüşdə iştirak edən təhsil işçilərindən fiziki-tərbiyə müəllimi Kamil Şirinov, musiqi müəllimi Saleh Əsgərov və digərləri çıxış edərək keçdikləri döyüş yolu ilə bağlı öz hekayələrini bölüşüb, eləcə də təhsilə verə biləcəkləri töhfədən danışıblar.