Bakıdakı İdrak liseyində Zəfər Günü münasibətilə Günel Anarqızının eyniadlı essesi əsasında səhnələşdirilən “Salam, əziz Şuşam” adlı  ədəbi-bədii kompozisiya keçirilib.

 

Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, Milli Məclisin deputatları, ziyalılar və digər şəxslər iştirak ediblər.

 

Kompozisiyaya təsirli çıxışı ilə başlayan Günel Anarqızı qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini nümayiş etdirdi. Bildirilib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin 28 illik həsrətdən  sonra azad edilməsi müharibənin taleyində həlledici rol oynadı.

 

Tədbirdə şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova çıxış edərək, qəhrəmancasına həlak olan övladı haqqında danışıb.

 

Şuşaya daxil olan ilk tank komandiri Rüfət Hacızadə və "Fəxr edirəm ki ,bu zəfərdə mənim də payım var " - deyən, döyüşən jurnalist ,"İki sahil" qəzetinin baş redaktorunun müavini Anar Miriyev müharibə ilə bağlı xatirələrini bölüşüb.  

 

İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışov tədbirə qatılan qaziləri, şəhid ailələrini, millət vəkillərini, təhsil işçilərini Zəfər Günü münasibəti ilə təbrik edib.

 

Liseyin bir qrup şagirdinin Vətənə zəfər raportu və məktəblilərdən ibarət xor kollektivinin ifasında səslənən məşhur "Qarabağ" mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, kompozisiyanın keçirilməsində əsas məqsəd "Qarabağ Azərbaycandır" reallığını gənc nəslə təqdim etmək, qəhrəman oğullarımızı daha yaxından tanıtmaq olub.