Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Boğaziçi Universiteti arasında Anlaşma memorandumu imzalanıb.

 

Tədbirdə hər iki universitetin rektorları və prorektorları iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Rektor iki qardaş ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın daim yüksələn xəttlə inkişaf edəcəyinə əminliyini söyləyib.  Daha sonra rektor AzTU-da həyata keçirilən yeniliklər barədə danışıb. Bildirib ki, AzTU Türkiyənin qabaqcıl universitetləri ilə ikili diplom proqramları və digər istiqamətlərdə əməkdaşlığı genişləndirir. Rektor onu da qeyd edib ki, AzTU-nun 100 nəfərdən ibarət gənc tədqiqatçı və müəllimlərinin Türkiyənin tanınmış ali məktəblərinə təcrübə mübadiləsinə göndərilməsi planlaşdırılır. V.Vəliyev Boğaziçi Universiteti ilə imzalanan memorandumun qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm addım olduğunu bildirib.

 

Boğaziçi Universitetinin rektoru, Prof. Dr. Mehmet Naci İnci Cümhuriyyət Bayramını qardaş ölkədə qeyd etməkdən məmnun olduğunu deyib. Mehmet Naci İnci imzalanan memorandumun hər iki ölkənin təhsil sahəsinin inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, memorandumda ortaq tədris proqramlarından istifadə etmək, müəllim, tələbə və gənc tədqiqatçıların mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi əks olunub.