Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixinin şərəf və qəhrəmanlıq salnaməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsini Böyük Qələbə ilə başa vurması Ermənistanın işğalçı siyasətinə son qoydu, ərazi bütövlüyümüzün bərpa edilməsi xalqımıza sevinc və qürur hissləri yaşatdı. Bu böyük tarixi Zəfərin qazanılmasında xalqımızın Kənan Rüstəmli kimi mərd,cəsur, vətənpərvər övladlarının əvəzsiz xidmətləri var.
Kənan Rüstəmli 1999-cu il noyabrın 14-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Doğulub boya-başa çatdığı bu kənddə Saleh Babayev adına tam orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin (BSU) tərcümə fakültəsinə qəbul olunub. BSU-da ali təhsil alarkən nizam-intizamlı, mədəni davranışa malik, elmə, təhsilə ciddi maraq göstərən, daim öz üzərində çalışan, eyni zamanda universitetin sosial-mədəni həyatında fəal iştirak edən bir tələbə-gənc kimi tanınıb. İdmana xüsusi maraq göstərib, boks və güləşlə məşğul olub.
Vətən müharibəsi başlayarkən müddətli həqiqi hərbi xidmətdə olan Kənan Rüstəmli Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan ərazilərimizin azad edilməsi üçün başladığı hərbi əks-hücum əməliyyatları zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən şiddətli döyüşlər zamanı igidliklə şəhid olan Kənan Rüstəmli Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Kənan Rüstəmli Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb. Vətəninə, xalqına layiqli övlad olan Kənan Rüstəmlinin mənalı və şərəfli həyat yolu yetişməkdə olan gənc nəsil üçün örnəkdir.
Dünən anım günü olan şəhidin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
Allah rəhmət eləsin!
...
Şəhidin anım günü ilə bağlı tədbir keçirilib. Anım mərasimində BSU-nun müəllim və tələbələri, əməkdaşları, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər, ziyalılar, incəsənət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev universitetin rəhbərliyi və kollektivi adından şəhid Kənan Rüstəmlinin valideynlərinə başsağlığı verərək belə igid, cəsur, vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər.