Bakı Mühəndislik Universiteti (BMU) Təhsil Nazirliyinin tərəfdaşlığı və Polşanın Varşava Texnologiya Universitetinin koordinatorluğu ilə Avropa Birliyinin maliyyələşdirdiyi “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (Crisis and Risks Engineering for Transport Services” https://creng.eu ) Erasmus+ KA2 layihəsində iştirak edir.

 

Layihə çərçivəsində mühəndislik fakültəsinin nəzdində BMU Texnoparkında CRENG laboratoriyası, həmçinin servis ofis üçün otaqlar və ofis avadanlıqları ayrılaraq quraşdırılıb. Magistrlərə nəqliyyat modelləşməsi ilə bağlı nəzərdə tutulmuş fənlərin keçirilməsi üçün kompüterlərə ofis proqramları ilə yanaşı, Matlab, Anylogic proqramları da yazılıb.

 

Hazırda “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisası üzrə oxuyan magistrlər üçün yaradılmış laboratoriyada logistik proseslərin modelləşdirilməsi və simulyasiya edilməsi üçün Anylogic proqramından yararlanmaqla ölkəmizin nəqliyyat yollarında nəqliyyat axınının modelləşdirilməsini aparırlar. Anylogic proqramı, eyni zamanda, kütləvi xidmət nəzəriyyəsi əsasında təsvir olunan bütün prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya böyük verilənlərin (Big Data) və data analitika məsələlərinin həlli üçün uyğun proqramlarla təchiz edilib.

 

Cari ildə CRENG layihəsi çərçivəsində BMU-ya Avropa Birliyinin maliyyə dəstəyi ilə texniki köməklik göstərilib və yeni avadanlıqlar verilib. Onların sırasında ən müasir xüsusiyyətlərə malik personal kompüterlər, noutbuklar, projektor və digər zəruri avadanlıqlar var.

 

2018-ci ilin noyabrından etibarən icra olunan beynəlxalq layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi” adlı yeni ixtisasın/ixtisaslaşmanın açılmasıdır. Layihə çərçivəsində Polşa, Almaniya və Fransada intensiv təlimlər keçirilib. Bununla yanaşı, “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi” adlı yeni proqram üçün 10 baza və 3 seçmə fənn təklif edilib, bunların da əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisaslaşması yaradılıb.

 

2021/2022-ci tədris ilində BMU-da Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə ilk bakalavr buraxılışı həyata keçirilib və yeni açılan  Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi magistr ixtisaslaşmasına 5 tələbə qəbul edilib.

 

BMU ilə yanaşı, layihəyə Berlin Texniki Universiteti (Almaniya), Hauts-de-France Politexnik Universiteti (Fransa), Ukrayna və Türkmənistanın ali təhsil müəssisələri və təhsil nazirlikləri, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi və ölkəmizin bir neçə ali təhsil müəssisəsi də qoşulub.