Nigar Hüseynli: “Çalışacağam ifa etdiyim əsərlər insan qəlbinin məlhəmi olsun, onu ilahi hisslərlə cilalasın...”


“2018-ci ilin 29 may tarixi  həyatımda unudulmaz bir gün kimi yaddaşıma həkk olundu. Həmin gün biz  İtaliyanın Bari şəhərinə yola düşdük. Fortepiano müəllimim Nigar  Nəcəfova  da bizimlə idi. Uçaqdan  düşəndə olduqca həyəcanlı idim. Axı,  birinci dəfə idi ki, İtaliyada  keçirilən  Pietro Argento adına beynəlxalq  festivalda  iştirak edəcəkdim. Bu  festival  çox məsuliyyətli  istedad yarışması olacaqdı.   İtaliyanın çox ecazkar və cəlbedici ölkə olduğunu dərsliklərdən oxumuşdum”, - deyə, dilli-dilavər müsahibim - Respublika incəsənət gimnaziyasının  şagirdi  Nigar Hüseynli öz təəssüratlarını  bizimlə daha ətraflı bölüşməkdə davam etdi.

 

I yerin qalibi oldum

 

- Festival başlayanda  həyəcan məni tam tərk etdi. “Mən bura qalib olmağa gəlmişəm”, - deyə düşündüm. Böyük zalda münsiflər heyətinin qarşısında özümü sərbəst hiss etdim.  Q.Qarayevin  “21-ci prelüd” və  F.Şubertin “Ekspromt” əsərlərini ifa etdim. Münsiflər  heyəti  məni alqışladı. Müxtəlif ölkələrdən uşaqlar iştirak edirdilər. Qürur hissi keçirirdim  ki, ölkəmizi  təmsil edirəm. Onlar da mənə heyranlıqla tamaşa edirdilər. İfamı bəyəndilər və I yerin qalibi oldum. Sevincimin hədd-hüdudu yox idi.  Müəllimim Nigar Nəcəfova bəlkə  məndən də çox sevinirdi. Çünki bu yarışmada uğur qazanmağımda  onun əməyi lap çox idi. Ümumiyyətlə,  Nigar müəllim bütün istedadlı  şagirdləri ilə fəxr edir.  Anam Elmira isə kövrəlmişdi, məni bağrına basıb, - sağ ol, qızım, üzün ağ olsun, - dedi. Həmin  gün atama telefon açdım, sevincimi onunla da bölüşdüm. Vətənə qayıtmaq, qələbəmi  dostlarımla  bölüşməyə tələsirdim. Qeyd edim ki, yarışmada böyük qruplar üzrə iştirak edən həmyerlimiz Müşfiq  Quliyev də  II yerin qalibi oldu.

 

Şəhərin tarixi abidələri ilə tanış olduq

 

7 gün  İtaliyada qaldıq. Şəhərin tarixi abidələri ilə tanış olduq. Bələdçi bildirdi ki,   Bari  İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir.  Cənubi İtaliyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir.   Uşaqların hər zaman maraqla qarşıladığı “Pinokyo” obrazının müəllifinin italiyalı  Karlo Kollodi olduğunu öyrəndik. Bələdçi söylədi ki, Avropanın  ən hündür zirvəsi hesab olunan Monte Bianko İtaliyada yerləşir. Dünyanın ən qədim universitetlərindən sayılan La Sapienza da İtaliyanın məşhur ali təhsil ocaqlarındandır. Bu təhsil ocağı həmçinin tələbələrinin  sayına görə  də Avropada ən böyük universitetdir. Sonra Vatikan muzeyi ilə tanış olduq. Həm qalib olmağım, həm də İtaliya ilə  yaxından tanışlıq üçün fürsət qazanmağım hədsiz sevincimə səbəb olmuşdu. O günlər yaddan necə çıxa bilər?! 

 

...İtaliyadan qayıdarkən hava limanında bizi qardaşım və atam qarşıladı. Ertəsi  gün məktəbdə dostlarım Nərgiz və Banu məni təbrik etdilər. Qürur duyurdum ki, beynəlxalq müsabiqədə qazandığım  bu uğur məktəbimizə şərəf qazandırır.

 

Mərasimdə dostlarım da iştirak edirdi

 

Az qala unutmuşdum, İtaliyaya getməzdən öncə 2018-ci ilin martında Türkiyədə CASPİ ART  Uluslararası Muzik yarışmasına da qatılmışam. Həmin yarışmada da    I yeri tutdum və diplomla mükafatlandırıldım. İyun ayında isə Beynəlxalq Mətbuat Mərkəzində həmin diplomumun təqdimetmə mərasimi keçirildi. Mərasimdə gimnaziyanın  müəllimləri, dostlarım, valideynlərim iştirak edirdilər. Haqqımda söylənilən xoş sözlərə görə hər kəsə minnətdarlığımı  bildirdim  və  öz üzərimdə daha səylə çalışmağıma söz verdim. Mayın ayının  24-də  isə “Gənclərə dəstək” layihəsi çərçivəsində Dövlət Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramında fortepianoda  dünya  bəstəkarlarının  bənzərsiz mahnılarını ifa  edib  diploma layiq görüldüm.

 

Xor kollektivinin üzvüyəm

 

Yeri gəlmişkən deyim ki, qardaşım Rauf da  gimnaziyada  Vəfa Nadirovanın sinfində fortepiano təhsili alır. O, dərslərini də əla qiymətlərlə oxuyur və idmanın boks növü  ilə məşğul olur. Mən  isə idmanın üzgüçülük  növünü xoşlayıram. Həftədə üç dəfə üzgüçük məşqinə  gedirəm. Eyni zamanda gimnaziyada fəaliyyət  göstərən  xor  kollektivinin üzvüyəm. Bu günlərdə Muğam  Mərkəzində məktəbimiz tərəfindən təşkil olunmuş konsertdə xor kollektivində iştirak etmişəım. Tez-tez dövlət tədbirlərində, əlamətdar günlərdə rəngarəng konsert proqramlarında iştirak edirəm. İncəsənətə dərindən bağlı olduğum üçün  bu sənətin məsuliyyətini  dərindən dərk edirəm. Bacarığıma,  potensialıma  çox güvənirəm. Mənim öz yaradıcılıq dünyam var. Bəzən  ifalarımın elə ilk müəllimi  anam olur.  Valideynlərim  gələcəyimə  böyük ümid bəsləyir və  əməyimin hədər getməyəcəyinə əmindirlər.

 

Yay tətilində çoxlu ifalar hazırlayacağam

 

Artıq  yay tətili günlərimiz başlayıb. Çalışacağam ki,  tətil günlərində İ.S.Baxın, V.A.Motsartın, L.V.Bethovenin, F.Şubertin, İ.Bramsın, P.İ.Çaykovskinin, T.Quliyevin, F.Əmirovun, Q.Qarayevin və  digər  dahi bəstəkarların əsərləri üzərində çoxlu məşqlər edim.

 

Beynəlxalq müsabiqələrdə və festivallarda qazandığım uğurlarda, mənim  istedadlı musiqiçi kimi yetişməyimdə müəllimim, Əməkdar müəllim  Nigar Nəcəfovanın  əməyi  danılmazdır. Bütün uğurlarıma görə ona özümü daim borclu sayacağam.

 

... Asudə vaxtlarımı da olduqca mənalı keçirirəm, tez-tez  dünyaşöhrətli  bəstəkar L.Bethovenin əsərlərini  dinləyirəm. Onun dərin məzmunlu melodiyalarının qanadlarında dünyanın bütün gözəlliklərinə qovuşuram. Deyirlər dünyanı  musiqi xilas edə bilər. Olduqca dərin məntiqli ifadədir. Avropa ölkələrində xəstə əməliyyat olunan ərəfədə əməliyyat otaqlarında klassiklərin əsərlərindən nümunələr səsləndirilir.Və bu melodiyalar xəstəni  ona veriləcək narkozdan əvvəl öz ağuşunda ana laylasına qovuşdurur.  Mən də çalışacağam gələcəkdə ifa etdiyim  əsərlər insan qəlbinin məlhəmi olsun, onu ilahi hisslərlə cilalasın, mənəvi dünyasını zənginləşdirsin. Dünyanın ən xoşbəxt adamlarının biri də onda artacaq və o şəxs mən olacağam.

 

Sifai SƏFƏROVA