Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminar keçirilib.

 

Seminarda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və Yasamal, Qaradağ, Səbail, Nərimanov, Sabunçu, Xəzər rayonlarının məktəb direktorları iştirak ediblər.

 

BŞTİ müdiri Mehriban Vəliyeva çıxışı zamanı 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritetlərdən danışıb.

 

Yeni tədris ilinin hər birimizin arzuladığı ənənəvi təhsillə açıldığını xatırladan idarə müdiri pandemiya şəraitinin Azərbaycan təhsilində ciddi sınaq olduğunu bildirib və tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini qeyd edib.

 

Ənənəvi tədrisin bərpa edilməsində, davamlı təhsilin təşkilində ən vacib məsələlərdən birinin təhsil işçilərinin vaksinasiyası olduğunu deyən idarə müdiri direktorlara bu prosesə daha məsuliyyətlə yanaşmağı və xəstəliyə qarşı immuniteti artırmaq üçün hər iki doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza ilə peyvəndlənməsi prosesində də nümunə olmasını tövsiyə edib.

 

Koronavirusla əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılmasının vacibliyini qeyd edən M.Vəliyeva təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələrini bildirib.

 

İdarə müdiri valideyn-məktəb əlaqələrinin səmərəliliyini artırmaq və bu işi günün tələbləri səviyyəsində qurmaq məqsədilə İctimai Şuranın yaradılmasının zəruriliyini nəzərə çatdırıb. İdarə müdiri Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən inspeksiyaların keçirilməsi barədə də fikirlərini bildirib.

 

Həmçinin, M.Vəliyeva BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirləri və məktəblərin istilik sistemi məsələləri ilə bağlı danışıb.

 

İdarə müdiri yeni təyin olunmuş məktəb direktorlarını kollektivə təqdim edib və onlara  fəaliyyətlərində uğurlar arzulayıb.

 

BŞTİ müdiri qarşıdan gələn Zəfər Günü ilə bağlı ümumi təhsil müəssisələrinin rəhbərlərini təbrik edib və tariximizin müasir dövrünün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni hədəflər və prioritetlər qoyduğunu bildirib.

 

Seminarda BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev fənn olimpiadalarına hazırlıq, ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların diaqnostik qiymətləndirmələr vasitəsilə aşkarlanması, son 2 il ərzində IX sinif üzrə buraxılış imtahanlarının nəticələrində mənfi dinamika olan təhsil müəssisələrinin müəyyən olunması istiqamətində görülən işlərdən bəhs edib.

 

İdarənin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə çıxışında 2021-2022-ci tədris ili üzrə məktəblərin fəaliyyət planlarının hazırlanması, o cümlədən hesabatlılıq və monitorinqə dair təkliflərini bildirib.

 

Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov ümumi təhsil müəssisələrində layihə olimpiadaları, “STEAM” və “Rəqəmsal bacarıqlar” pilot layihələrinin tətbiqi ilə bağlı məlumat verib.

 

Seminar zamanı təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi, “Zəfər tarixi” kursunun təşkili, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının təhlili, fənn müəllimlərinin distant formada ixtisasartırma kurslarına cəlb olunması kimi məsələlərə toxunulub.

 

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.