Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 24-25 dekabr 2021-ci il tarixlərində “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyat və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılarla dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları, düşüncələri bölüşmək, həmçinin universitet-dövlət-özəl sektor əməkdaşlığını artırmaq, rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır.
Beynəlxalq konfrans İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə və mühasibat uçotu, Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq münasibətlər seksiyaları üzrə təşkil olunacaq.
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Beynəlxalq tədbirə qoşulmaqla ali məktəb elmi işçiləri və müəllimləri, iqtisadiyyat və idarəetmə sahəsindəki mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçilər öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar.
Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.
Konfransda iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla sdeac@beu.edu.az ünvanına göndərməlidir.
Tədbirlə bağlı məlumatları https://beu.edu.az/az/announcement/iqtisadiyyat-ve-idareetmede-davamli-inkisaf-problemler-ve-perspektivler-adli-beynelxalq-konfrans-166 linkinə daxil olaraq əldə etmək mümkündür.