Bakı Mühəndislik Universitetinin (BMU) pedaqoji fakültəsinin Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Rayaxanım Ağazadə Türkiyənin Qaziantep şəhərində Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə keçirilən “Beynəlxalq zəfər düşərgəsi”ndə iştirak edib.
Azərbaycan Gənclər Fondu, Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.
“Beynəlxalq zəfər düşərgəsi”nin iştirakçısı seçilən BMU tələbəsi iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, düşərgə müddətində gənclərin hər iki dövlətin tarixi, mədəniyyəti, eləcə də təhsilinə dair biliklərin paylaşılması üçün çalışacağını bildirib.
Düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar müxtəlif tarixi abidələrə və turizm məkanlarına səfər edib, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunublar.
İştirakçılar, eyni zamanda, Naxçıvanın tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfər ediblər.
Tədbir çərçivəsində hər iki ölkənin gəncləri arasında vətənpərvərlik ruhunun aşılanması, Vətən müharibəsi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qəhrəman qazilərlə görüşlər də keçirilib.