Azərbaycan-Fransız Universitetinin (UFAZ) İcraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bydanova “AzinTelecom” MMC şirkətində olub və şirkətin direktor müavini Tağı Tağı-Zadə ilə görüşüblər.
Görüşdə həmçinin, “AzinTelecom” şirkətinin Məlumat hesablama mərkəzinin direktor müavini İnarə Vəliyeva, informasiya və kommunikasiya texnologiyaları üzrə müşaviri, Rəşad Xalıqov, İnsan resursları departamentinin rəhbəri Renat Rüstəmov, Kommersiya departamentinin əməkdaşı Emiliya İsmayılova və UFAZ-ın PR və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kamil Piriyev iştirak ediblər.
UFAZ barədə məlumat verən Vazeh Əskərov universitetin yaranma tarixi və tədris olunan ixtisaslar haqqında danışıb:”2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan bu ali təhsil müəssisəsi 2016-cı ildən fəaliyyət göstərir və mühəndislik sahəsində 4 bakalavr, 3 magistr ixtisası təklif edir”.
Şirkət haqqında məlumat verən Tagı Tağı-Zadə isə bildirib ki, 2015-ci ildə yaradılan “AzinTelecom” şirkəti bulud texnologiyaları, beynəlxalq səs trafiki və telekommunikasiya avadanlıqlarının sertifikasiyası sahəsində fəaliyyət göstərir, həmçinin şirkət tədris sahəsində çalışan qurumlarla sıx əməkdaşlıq edir.
Görüşdə iki qurum arasında mümkün əməkdaşlıq perspektivləri, UFAZ tələbələrinin təcrübə və iş imkanları, dərsdənkənar peşəkar proqramların tədrisi, tədris hakatonlarında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.