Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda təhsil nazirinin müşavirləri Elnur Əliyev və Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, əməkdar müəllim Asif Cahangirov, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin (TAİM) direktoru Ülviyyə Məmmədova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və TDM-in əməkdaşları iştirak ediblər.
Öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfransda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ümumdünya Psixi Sağlamlıq Gününün tarixindən bəhs edib. Bildirib ki, 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan Psixi Sağlamlıq Günü beynəlxalq günlər siyahısına daxil edilib.
M.Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.
M.Vəliyeva həmçinin məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə də toxunub.
Daha sonra TDM-in Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, həkim-narkoloq Asif Kəngərli, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Şəbnəm İslamlı, psixiatr Aydan İsgəndərzadə, psixoloji konsultant Maarif Məmmədov və pediatr-allerqoloq Sevinc Abdullayeva “Psixi sağlamlıq nədir?”, “Zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirici tədbirlərin təşkilində psixoloqun rolu”, “Uşaq və yeniyetmələrdə yuxu pozuntusu”, “Uşaq və yeniyetmələrdə major depressiv pozuntu və intihar davranışları”, “Yeniyetmələrin cinsi tərbiyəsi”, “Uşaqların fiziki inkişafında psixi sağlamlığın rolu” mövzularında çıxış ediblər.
Qeyd edək ki, “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans TAİM dəstəyi ilə təşkil olunub.