Bakı Mühəndislik Universiteti (BMU) Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib.

 

BMU ali təhsil müəssisələri arasında sərgidə təmsil olunan yeganə universitet olub. Ali təhsil ocağı sərgiyə Ukraynanın “Professor Katsenbax və tərəfdaşları” adlı mühəndislik şirkətinin, “Ukrayna İnşaat Mühəndislik və Texniki Axtarışlar İnstitutu”nun, “Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” MMC-nin təşkilati dəstəyi və əməkdaşlığı çərçivəsində qatılıb.

 

BMU-nun ukraynalı tərəfdaşları ilə birlikdə təmsil olunduğu stenddə universitetin mövcud ixtisasları, Koreyanın İNHA Universiteti ilə icra olunan ikili diplom proqramı, SABAH qrupları və yeni yaradılan Kibertəhlükəsizlik magistr proqramı haqqında məlumatlar buklet və roll-ap vasitəsilə nümayiş olunub. Universitetin iki fəal tələbəsi (Aydan Qafarova və Çinarə Mustafayeva) və Texnoparkın baş mütəxəssisi Arif Nəcimov tərəfindən təqdim edilən stenddə, həmçinin tələbələr tərəfindən hazırlanmış müasir, innovativ evin-tikilinin maketləri də yer alıb.

 

Xatırladaq ki, bir müddət öncə BMU-nun Memarlıq və dizayn kafedrasının müəllimi, tanınmış rəssam Tünzalə Məmmədzadənin rəhbərliyi ilə universitetin Dizayn ixtisasının tələbələri Qarabağda park layihələri hazırlayıblar. Tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim ediblər. Eyni zamanda, BMU-nun Memarlıq və Dizayn kafedrasının baş müəllimi Nikrouz Forouzandeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqədə iştirak edib. Onun digər memarla birlikdə təqdim etdiyi layihə münsiflər heyətinin qərarına əsasən, Ağdam rayonunun Sarıcalı kəndi üzrə 3-cü yerə layiq görülüb. Sözügedən sərgidə BMU-nun Memarlıq və dizayn kafedrasının tələbələri (Ayşən Bağırova, Pikəxanım Bağırova, Tükəzban Məmmədli və Hüseyn İmanov) tərəfindən hazırlanmış 3 ədəd müasir və innovativ evin-tikilinin maketi, həmçinin tələbələrin və müəllimlərin müxtəlif məzmunlu eskiz-layihələrinin video nümayişi də təqdim olunub.

 

Sərgidə müxtəlif şirkətlərdən və təşkilatlardan, eləcə də səfirliklərdən nümayəndələr stendə yaxınlaşaraq BMU haqqında zəruri məlumatlar alıblar.

 

BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang da sərgiyə baş çəkib, stendlə və sərgi iştirakçıları ilə yaxından tanış olub.

 

Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”  Rebuild Karabakh sərgisi Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar keçirilir. Dövlət qurumları və həm yerli, həm də xarici şirkətlərdən ibarət olan sərgi iştirakçılarına Qarabağ ərazisində həyata keçirməyi planlaşdırdıqları, həmçinin artıq həyata keçirdikləri layihələri, eləcə də regionu təmin etmək üçün çatdırmağa hazır olduqları məhsulları, habelə, yerli istehsalın təşkili, infrastruktur obyektlərinin inşası üzrə planları və s. bir platformada təqdim etmək üçün unikal imkan yaradılıb.

 

Sərgi üç gün davam edib.